image-321611720_5658266477582695_2777268164244790479_nbackend

Zəfər tariximizin müəllifi: Yeni missiya

image-reklam_sirab_01

Tariximiz zəfərlərlə dolu bir salnamədir. Bu tarixin ən keşməkeşli və ən möhtəşəm mərhələsini son 30 ildə yaşadıq. Zəfər salnaməmizin ən şanlı səhifələri də məhz son 30 ildə tariximizə yazıldı.
Müstəqilliyimizin bərpa olunması ilə onun itirilməsi təhlükəsi sanki eyni anda baş verdi. Süqut edən imperiyanın ucqar bir bölgəsində yerləşən Azərbaycan müstəqilliyin ilk günlərindən nəhəng xarici güclərin toqquşma meydanına çevrildi. Qısa bir müddətdə ərazilərinin bir hissəsini itirən gənc respublika xarici təsirlər nəticəsində ayrı-ayrı hissələrə parçalanaraq yox olmaq təhlükəsi ilə üz-üzə qaldı. Elə o zaman tale Azərbaycanın xilas yolunu göstərdi. Xalqın yekdil tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev müasir tariximizin yeni və şanlı səhifəsini yazmağa başladı. 10 il ərzində Azərbaycanı tarixin nəhəng fırtınalarından xilas edib müstəqilliyin nisbətən hamar və dönməz yoluna çıxaran ulu öndər “…ona özüm kimi inanıram…” deyib, ölkənin taleyini İlham Əliyevə həvalə etdi.
Böyük dünya güclərinin işğal və nəzarət altında saxlamaq istədiyi Azərbaycanı bu dalandan çıxarmaq mümkünsüz görünürdü. Lakin xalqın etimadına arxalanan və öz gücünə inanan İlham Əliyev “…mən bütün dünya Azərbaycanlılarının prezidenti olacağam…” deyərək tarix qarşısında ən böyük bir məsuliyyəti öz çiyinlərinə götürdü. Bu günkü gənc nəslin tarixi bir film kimi təsəvvür edə biləcəyi həmin dövrdə ölkəmiz hələ də fəlakət içində idi. Hərbi məğlubiyyətin sarsıntıları, torpaq itkisinin mənəvi əzabları, çadırlarda və vaqonlarda məskunlaşmış 1 milyona yaxın qaçqın və məcburi köçkün ordusunun iztirabları içərisində inləyən xalqda özünə güvən, gələcəyə inam hisslərini yaratmaq lazım idi.
XX əsr dünya siyasətinin nəhənglərindən biri olmuş Heydər Əliyevin başladığı xilas yolunu İlham Əliyev cəsarətlə və çox incə zərgər dəqiqliyi ilə davam etdirdi. Ölkədə iqtisadi tənəzzülü tədricən iqtisadi yüksəlişə çevirən gənc prezident beynəlxalq miqyasda Azərbaycan ətrafında yaradılmış informasiya blokadasını aradan qaldırmağa nail oldu. Beynəlxalq transmilli şirkətlərinin iri həcmlı sərmayələrini ölkəyə gətirməklə Azərbaycanın iqtisadi potensialını hərəkətə gətirən İlham Əliyev qısa bir müddətdə davamlı iqtisadi inkişafa nail oldu. İldən ilə güclənən iqtisadi yüksəliş ölkənin hərbi qüdrətinin artırılmasına və nəticə etibarilə beynəlxalq müstəvidə Azərbaycanın siyasi çəkisinin artırılmasına yönəldildi. Məhz İlham Əliyevin diplomatik məharəti sayəsində dünya tədricən Azərbaycanın haqqını tanımağa başladı. BMT, Aİ, ATƏT, AŞ, NATO, İslam Ölkələri Təşkilatı, Qoşulmama Hərakatı və s. kimi beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını rəsmən tanıdı. Sadalanan nailiyyətlərin hərəsi bir cümlə ilə ifadə edilə bilsə də onların əldə olunması heç də bir cəhdlə baş vermirdi. Cənubi Qafqaz ətrafında dünya güc mərkəzlərinin uzlaşmayan maraqları dünya miqyaslı bir siyasi oyuna çevrilmişdi. Onların qənaətinə görə nə Azərbaycanın, nə də digər bölgə dövlətlərinin bu oyundan sağ çıxmaq ehtimalı var idi. Lakin bütün gözləntilərin əksinə olaraq İlham Əliyevin müstəsna siyasi məharəti nəticəsində bu qlobal oyun pozuldu və Azərbaycan xilas oldu. Torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində davam edən Vətən müharibəsi nəticəsində işğaldan azad olundu. Ordu qələbə qazandı, xalq öz müstəqilliyinə sahib oldu, köçkünlər öz doğma yurdlarına Böyük Qayıdışa başladılar. Bu günə qədər yeni reallıqlara inana bilməyən, qələbəmizi qəbul etmək istəməyən və öz məkrli siyasətlərini davam etdirməkdə israrlı görünən qüvvələr var. Lakin onların hər bir cəhdi “Dəmir Yumruq”la qarşılaşıb geri çəkilməyə məcbur olurlar.
Tarix baxımından çox qısa müddətdə, cəmi 30 il ərzində baş verən bu qədər keşməkeşli hadisələrin xalqın taleyi baxımından uğurla cərəyan etməsi və tarixi zəfərlə başa çatması Azərbaycan tarixinin qürur doğuran şanlı bir səhifəsidir. Zəfərlə yazılan bu tarix şərəflə davam edəcək. Müstəqillik tariximizin ön söz müəllifi Heydər Əliyevin və zəfər tariximizin müəllifi İlham Əliyevin adları tariximizi yaradanlar və yaşadanlar salnaməsinə qızıl hərflərlə yazıldı.
Prezident İlham Əliyevin Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda 20 il ərzində apardığı mübarizə və qazandığı zəfər 50 milyonluq dünya Azərbaycanlılarının tarixi zəfəridir. Bu zəfərlə İlham Əliyev özünün dediyi kimi, sözün əsl mənasında “hər bir Azərbaycanlının Prezidenti” statusuna yüksəldi. Bütün dünya Azərbaycanlıları tarixi zəfərimizlə və bu zəfəri qazandıran Ali Baş Komandanımız İlham Əliyevlə fəxr edirlər.
Bu gün Prezident İlham Əliyev ömrünün 62-ci ilinə qədəm qoyur. Hər yaşın öz gözəlliyi və öz missiyası var. Keçən il ərzində bir sıra beynəlxalq tədbirlərdə dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın taleyi ilə bağlı verdiyi açıqlamalar Prezident İlham Əliyevin üzərinə götürdüyü missiyanın miqyasını və hədəflərini göstərir. Bütün Azərbaycanlıların Prezidenti kimi onu dünyanın hər bir bölgəsində yaşayan soydaşlarımızın həyatı və taleyi narahat edir. Dünyanın hər yerində soydaşlarımızın hüquq və azadlıqlarının təmin olunması uğrunda başlanan mübarizə Azərbaycan dövləti üçün şərəf işi, Prezident İlham Əliyev üçünsə müqəddəs missiyadır. Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edir və üzərinə götürdüyü müqəddəs missiyanın uğurla həyata keçirilməsində davamlı uğurlar arzulayıram. Zəfər həmişə sizinlə olsun!

Cavanşir Feyziyev

Millət vəkili

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki