image-3backend

Zəfər zirvəsinə yüksəlmiş Prezident

image-reklam_sirab_01

Son 21 ilin uğurları bu qənaəti bir daha təsdiqləyir ki, dövlətinin, xalqının gələcəyini düşünən Liderə milyonların sevgisi şəksizdir. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazılıb. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, iqtisadi böhranından, ən əsası parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Heydər Əliyev yeni Azərbaycan qurdu.

2003-cü ildən isə Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan möhkəm təməl üzərində cənab İlham Əliyevin rəhbərliyi ilə biri-birindən əhəmiyyətli uğurlara imza atır, dünya birliyinin layiqli üzvü kimi yerini və rolunu möhkəmləndirir.

Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi. Prezident kimi ölkəmizə rəhbərlik etdiyi 21 ildə bütün sahələrdə sürətli inkişafa nail oldu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 ilin torpaq həsrətinə son qoyularaq ərazi bütövlüyümüz bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Reallıqlar bir daha təsdiqləyir ki, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir.

Azərbaycan dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində qəhrəmanlıq tariximizin şanlı səhifəsini yazdı. Bu səhifənin yazılmasında Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan, ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyindən bəhs edərkən bu məqamı da xüsusi qeyd etməliyik ki, müstəqil siyasətimizin, ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyimizin nəticəsi olaraq dünyanın yeni xarici siyasəti nəinki Azərbaycanda müzakirə olundu, 44 günlük müharibənin gedişində tamamilə dəyişdi. Dünya beynəlxalq hüquq normalarının və prinsiplərinin mövcudluğunu qəbul etməyə məcbur oldu. Azərbaycan regionda yeni əməkdaşlıq formatı yaratdı.

Vətən müharibəsindəki Şanlı Qələbədən düz üç il sonra daha bir fərəhli anlar yaşadıq. 2023-cü il sentyabr ayının 19-da Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordumuz Qarabağ bölgəsində həyata keçirdiyi və cəmi bir gün davam edən zəruri lokal antiterror tədbirlərindən sonra düşmən tam şəkildə məğlub olduğunu və Qarabağda 30 ildən çox hakimiyyətdə olan qondarma qurumun buraxıldı elan edildi. Vaxtı ilə işğal edilən kənd və yaşayış məntəqələri ordumuzun hissələrinin tam nəzarəti altına keçdi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev otən il oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə, Əskəranda və Xocavənddə Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Əzəli düşmən üzərindəki Şanlı Qələbədə əsas nöqtə isə noyabrın 8-də Xankəndi şəhərində keçirilən hərbi parad oldu. Artıq Qarabağımız tam azaddır, 30 ildən artıq davam edən işğala son qoyulub.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının Lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin dağıtdığı işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcək.  İşğaldan azad olunmuş ərazilərdə icra olunacaq yeni layihələr müasir texnologiyaların və kreativ yanaşmaların sintezidir. “Ağıllı kənd” layihəsi artıq reallaşmaqdadır.

Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsini təşkil edəcək. Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar açacaq. Yeni nəqliyyat dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir.

Qeyd olunan qələbə və uğurlar Prezident İlham Əliyevin intellekti, müdrik siyasəti və dahi sərkərdəlik məharəti sayəsində əldə olunub. Onun rəhbərliyi ilə ölkəmiz gələcəkdə daha böyük uğurlara nail olacaqdır.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image