4 il əvvəl İkinci Vətən müharibəsi zamanı oktyabrın 18-də Azərbaycan ordusunun apardığı uğurlu hücüm əməliyyatından sonra oktyabrın 20-də Zəngilan şəhər mərkəzi başda olmaqla rayonun 4 qəsəbəsi və 49 kəndi 27 il davam edən erməni işğalından azad edildi.
Zəngilan şəhərinin işğaldan azad edilməsi xəbərini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 20-də xalqa müraciətində çatdırdı. Prezident müraciətində həmin gün Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan eddi.
Zəngilan 44 günlük Vətən müharibəsində Cəbrayıl və Füzulidən sonra işğaldan azad edilən üçüncü rayon oldu. Digər şəhər və rayonlarımız kimi Zəngilan şəhərinin də işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Zəngilan əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
Azərbaycan Respublikasında “Zəngilanın azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.
Xatırladaq ki, 1993-cü il oktyabrın 29-də ermənilər tərəfindən işğal olunan Zəngilan rayonu Azərbaycanın işğala məruz qalan sonuncu rayonu idi. Rayonun erməni hərbi birləşmələrinin hücumundan müdafiəsi zamanı 188 nəfər şəhid olub, 44 nəfər itkin düşüb. Təxminən 34 min mülki əhali İran ərazisinə keçərək erməni soyqırımının qurbanına çevrilmək təhlükəsindən qurtarıblar.
Ermənilər işğal müddətində Zəngilan şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib.
Qeyd edilməlidir ki, Zəngilan rayonunun ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları var. Rayonun ərazisi mürəkkəb səth qurluşuna malikdir. Ərazi çay dərələri ilə parçalanaraq dərin dərələr əmələ gətirir.
Rayon ərazisində əsasən Mezozoy gili sistlər, Yura təbaşir yaşlı əhəng və qumdaşları bir çox yerlərdə çökmə və vulkan mənşəli suxurlar yayılıb. Dağlıq ərazilərdə yayılmış Yura və Təbaşir dövrü süxurları 150-200 min il əvvələ aiddir. Ərazidə Bazarçay silsiləsinin Barbar və Sələfir zirvələri (2270 metr yüüksəklikdə) var ki, bu silsilə də Ağbənd, Vejnəli yaxınlığında Araz dərəsinə düşür. Burada zəngin qızıl yataqları (Vəjnəli) var.
İşğaldan öncə rayonda 66 ümumtəhsil məktəbi, 4 yeddi illik musiqi məktəbi, Tarix-Diyarşünaslıq, Daş Heykəllər və Xalqlar Dostluğu muzeyləri, mərkəzi kitabxana, uşaq kitabxanası, 65 kənd kitabxanası, mərkəzi rayon xəstəxanası, 4 kənd sahə xəstəxanası, 46 feldşer-mama məntəqəsi, 6 həkim ambulatoriyası, Mincivan dəmir yol xəstəxanası fəaliyyət göstərib. Rayonda tarixi-memarlıq abidələrindən dairəvi bürc (XIV əsr), türbə (1304-1305 illər), sərdabələr (XII – XIV əsrlər) qeydə alınıb.
İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmir yolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağıdılıb. Naxçıvan istiqamətində Bakı-Naxçıvan-İrəvan dəmir yol xəttinin Mehridən keçən 41 kilometrlik ərazisi blokadaya alınıb. Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda olub. Həmin çinarlar ermənilər tərəfindən doğranaraq xarici ölkələrə satılıb. Həmçinin mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də talan edilib.
Hazırda digər işğaldan azad edilmiş rayonlarımız kimi Zəngilan rayonunda da böyük tikinti-quruculuq işləri aparılır. Qısa müddətdə Zəngilan bərpa ediləcək və ölkəmizin ən gözəl, çiçəklənən diyarlarından birinə çevriləcəkdir.
Babək Cahandarov – araşdırmaçı jurnalist