8 Noyabr zəfəri yalnız müasir dövrümüzün deyil, bütün dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir. Bizə bu zəfəri yaşadan Azərbaycan xalqının Prezidenti, Silahlı Qüvvələrimiz, şəhid və qazilərimiz, xalqımızın birliyi və həmrəyliyi olub. 8 Noyabr zəfərini təmin edən milli birlik və həmrəyliyimizin bundan sonra da qorunub saxlanılması həyati əhəmiyyət kəsb edir:
44 günlük Vətən müharibəsində fərqli dini inanclara malik olan, müxtəlif etnik qrupları təmsil edən vətəndaşlarımız azərbaycanlılarla birlikdə erməni faşizminə qarşı fədakarcasına mübarizə aparıb, tarixi qələbəmizə böyük töhfə veriblər. Lakin bu gün görürük ki, xalqımızın birliyi, həmrəyliyi bəzi kənar qüvvələri narahat edir. Onlar Azərbaycandakı sabitiyi pozmağa, cəmiyyətdə süni şəkildə qarşıdurma yaratmağa çalışırlar. Bütün bu təxribatların qarşısını almaq üçün biz öz həmrıyliyimizi göz bəbəyi kimi qoruyub saxlamalı, Prezidentimizin ətrafında sıx birləşməkdə, Azərbaycanın maraq və mənafelərini bütün platformalarda qətiyyətlə müdafiə etməkdə davam etməliyik. Biz Prezidentimizin hər bir çağırışını dəstəkləməli, onun tövsiyyələrinə ciddi şəkildə əməl etməliyik. Unutmamalıyıq ki, əldə etdiyimiz qalibiyyətin baş memarı Müzəffər Ali Baş Komandanımızdır. Bu gün Azərbaycandakı sabitliyə, inkişaf və tərəqqiyə görə məhz ona borcluyuq.
Biz bundan sonra da cəmiyyətimizdəki əmin-amanlığı qorumaq, dinamik inişafımızı təmin etmək, yeni nailiyyətlər əldə etmək istəyiriksə, Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezidentimizi qorumalı, ona dəstək verməli, hər addımda Müzəffər Ali Baş Komandanımızla həmrəy olduğumuzu nümayiş etdirməliyik. Bizim gələcək təhlükəsizliyimizin və inkişafımızın yeganə yolu məhz budur.

Cəlil Xəlilov – Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik


























