Amerika Birləşmiş Ştatlarından Azərbaycana avtomobil idxalı ilə məşğul olan “Azad Logistics and Shipping” şirkəti ilə bağlı qalmaqal böyüyür.
Son 2 gündə şirkətin fəaliyyəti nəticəsində çoxlu sayda zərərçəkən ortaya çıxıb.
Gün ərzində redaksiyamıza onlarla müraciət daxil olub. Onlar adıçəkilən şirkətin onlardan pul aldığını, lakin avtomobillərin Azərbaycana çatdırılmağını bildirirlər.
İddialara görə, müştərilərdən alınan ödənişlər mənimsənilib və şirkətin rəhbəri Ramil Tağızadə Azərbaycandan qaçıb.
Daha bir şikayətçi bildirir ki, onun “Azad Logistics and Shipping”lə Azərbaycana gətiriləcək 22 avtomobili ünvana təslim edilməyib. O, şirkətin rəhbərliyində olan Taleh Eminov adlı şəxslə iş gördüyünü və ödənişlərin ona edildiyini qeyd edib:
“Taleh Eminova 22 ədəd maşın üçün 92 min dollar pul vermişəm. O, “Azad Logistics and Shipping” şirkətinin şəriklərindən biri idi. 9 aydır ki, maşınlar gəlib çıxmır. Ortalıqda yoxdur. İndi də deyirlər ki, hər maşına görə 1400 dollar pul verin, gətirək. Mən də vermədiyim üçün bildirirlər ki, gətirilməyəcək.
Maşınlar Amerikadan gətirilməlidir. Hər cür bəhanələr edirlər. Elə maşınlar var ki, 8 aydır heç yola düşməyib. Maşınlardan 22-si yoldadır. 10-u isə Gürcüstanın Poti limanındadır. Mən pulu Talehə vermişəm, onun da verdiyi adam ölkədən qaçıb. 1-2 dəfə polisə də müraciət etmişəm, hələlik nəticə yoxdur. Ya maşınlarımı versinlər, ya da pullaımı qaytarsınlar. Çünki o evtomobillər ayrı-ayrı şəxslər üçün alınıb və mən də onlardan pul almışam, maşınların onlara təhvil verilməsinə məsuliyyət daşıyıram”.
Qeyd edək ki, ABŞ-dən gətirilən təqribən 400-ə yaxın nəqliyyat vasitəsi artıq 2 aydır ki, Gürcüstanın Poti limanında saxlanılır və ölkəyə keçirilməsinə icazə verilmir. Əsas problem avtomobilləri daşıyan “Azad Logistics and Shipping” şirkətinin Amerikadakı tərəfdaş tərəfə olan təxminən 750 min dollar borcundan qaynaqlanır. Xarici şirkət ödənişi ala bilmədiyi üçün avtomobillərin Azərbaycana təhvil verilməsinə qadağa qoyub.“Yeni Sabah”


























