Dünən ABŞ Dövlət Departamentinin “Ədalət üçün Mükafat Proqramının” farsdilli “X” hesabında “Şəhid Şuşteri” adlı haker qrupu barədə məlumat verənə 10 milyon dollara qədər mükafat təklif edildiyi bildirilib. Paylaşımda qeyd olunub: “Bu qrupun bir çox adı var, ancaq bir neçə ünvan məlumdur. Əgər əlavə ünvan və ya məlumatlara sahibsinizsə, bizimlə paylaşın”. ABŞ rəsmilərinə görə, əvvəlki adı “İmennet Pasargad” olan bu qurumun əməkdaşları telekommunikasiya, enerji, nəqliyyat və maliyyə sektorları da daxil olmaqla kritik infrastruktura qarşı kiberhücumlar təşkil ediblər. Təxminən dörd il əvvəl FTB də bu qrup barədə xəbərdarlıq edərək, özəl sektoru mümkün təhlükələrə qarşı tədbir görməyə çağırmışdı. ABŞ kəşfiyyat orqanları bu qrupu ciddi təhlükə kimi qiymətləndirir.