Alyaska sammiti ABŞ və Rusiya prezidentləri arasında münasibətlərin ən gərgin və aşağı nöqtəsi kimi yadda qalıb. Financial Times nəşri yazır ki, Rusiya prezidenti Vladimir Putinin təkəbbürlü davranışı və kompromisdən imtinası, ABŞ lideri Donald Trampın mövqeyində ciddi dönüşə səbəb olub.
Avqustun 15-də Alyaska ştatının Ankoric şəhərində keçirilən görüşdən əvvəl, tərəflər bu sammitin Ukraynada sülhə doğru dönüş nöqtəsi olacağına ümid edirdilər. Lakin Kreml rəhbəri görüş zamanı ABŞ-ın atəşkəs müqabilində sanksiyaların yumşaldılması təklifini qətiyyətlə rədd edib.
FT-nin mənbələrinə görə, Putin sadəcə bir neçə müşaviri ilə qapalı görüşə qatılıb və burada Ukraynanın yalnız təslim və ərazi güzəştləri müqabilində sülh əldə edə biləcəyini vurğulayıb. O, həmçinin Rusiya tarixinə dair uzun, təbliğat xarakterli çıxış edərək Rurik, Yaroslav Müdrik və Bohdan Xmelnitskinin adlarını çəkib, Ukrayna ilə Rusiyanın “bir millət” olduğu tezisini təkrarlayıb.
Mənbələrin bildirdiyinə görə, Tramp Putinin bu ritorikasından məyus olub, bir neçə dəfə səsini qaldırıb və görüşü tərk etməklə hədələyib. Nəticədə ABŞ prezidenti planlaşdırılan işgüzar naharı ləğv edib və görüşü yarımçıq dayandırıb.
Nəşr qeyd edir ki, bu sammit Tramp və Putinin münasibətlərində pik gərginlik nöqtəsi olub. Məhz bu görüşdən sonra Vaşinqtonun mövqeyi Ukraynanın xeyrinə dəyişib.
FT yazır ki, Tramp Rusiya ilə bağlı bütün sərt addımları hələ atmasa da, artıq enerji ixracatına sanksiyaların gündəmdə olduğu bildirilir. ABŞ rəhbərliyi Putini danışıqlar masasına qaytarmaq üçün təzyiqləri artırmağa qərarlıdır.
Bundan əlavə, ABŞ administrasiyası Avropa İttifaqına Rusiya enerji idxalını dayandırmaq və dondurulmuş rus aktivlərindən Ukraynaya maliyyə yardımı üçün istifadə təklifini dəstəkləməyə çağırır. Həmçinin, Vaşinqton Aİ-ni Çinin Rusiyadan idxal etdiyi neftə əlavə rüsumlar tətbiq etməyə təşviq edir.
Nəşr Trampın Putinə qarşı mövqeyinin qəti olmadığını, dəyişkən ola biləcəyini qeyd edir. Avropa rəsmiləri bildirirlər ki, Trampla daim “kəndir çəkmə oyunu” oynamaq məcburiyyətindəsən: bir dəfə onun Putinin təhlükə olduğunu anlamasına nail olursan, sonra diqqətini başqa yerə yönəldir və yenidən onun mövqeyini dəstəkləməyə başlayır.
Qeyd edək ki, oktyabrın 16-da Donald Tramp və Vladimir Putin Budapeştdə yeni görüş barədə razılığa gəliblər. Macarıstanın baş naziri Viktor Orban artıq bu sammit üçün təşkilat komitəsinin yaradıldığını açıqlayıb.
“Axios” portalının məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski Trampın bu planından Vaşinqtonda olarkən xəbər tutub və təəccüblənib.
Financial Times yazır ki, Zelenskinin 17 oktyabrda ABŞ-a səfəri mühüm nəticələr verə bilər. Müzakirələrin əsas mövzusu Ukraynaya əlavə silah, o cümlədən “Tomaqavk” raketlərinin tədarükü və ABŞ kəşfiyyatının daha aktiv dəstəyi olacaq. Bu isə Kremli ciddi narahat edəcək siqnal kimi qiymətləndirilir.
Alyaska sammiti əslində Trampın Putindən uzaqlaşmasına və ABŞ-ın Ukraynaya daha açıq dəstək verməsinə səbəb olub. Hazırda gözlər Budapeştdə keçiriləcək növbəti sammitə və Trampın orada hansı mövqe tutacağına yönəlib.