image-reklam-veteninfo
image-1backend

ABŞ Rusiyaya təzyiqi artırmaq üçün G7 ölkələri ilə əməkdaşlığa hazırdır – Bessent

image-reklam-veteninfo

ABŞ Maliyyə naziri Skott Bessent bəyan edib ki, Vaşinqton G7 tərəfdaşları ilə birlikdə Rusiyaya qarşı təzyiqi xeyli gücləndirməyə hazırdır. O, bu barədə Vaşinqtonda Ukraynanın Baş naziri Yuliya Sviridenko ilə görüşündə danışıb. Məlumatı ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti yayıb.

Nazir Bessent Ukraynanın suverenliyinə ABŞ-ın dəyişməz dəstəyini təsdiqləyib və uzunmüddətli sülhün təmin edilməsinin vacibliyini vurğulayıb. O, həmçinin ABŞ-Ukrayna Bərpa İnvestisiya Fonduna göstərilən dəstəyə görə Ukrayna hökumətinə təşəkkür edib və bu tərəfdaşlıq çərçivəsində mütəmadi əlaqələrin önəmini qeyd edib.

Bessentin sözlərinə görə, Avropa müttəfiqləri təkcə Rusiyaya deyil, həm də onun neftini alaraq Kremlin hərbi maşınını maliyyələşdirən digər ölkələrə qarşı da təzyiqi artırmalıdır.

Ukraynanın Baş naziri Yuliya Sviridenko isə ABŞ-ın dəstəyinə görə təşəkkürünü bildirib və iki ölkə arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.

“Amerika-Ukrayna Bərpa İnvestisiya Fondu artıq fəaliyyətə başlayıb. Fondun tam işə düşməsi üçün hələ bir neçə qərar gözlənilir, lakin artıq ilk layihə portfeli formalaşır. Biz əsas diqqəti kritik minerallar, enerji və infrastruktur layihələrinə yönəltmişik. Ukrayna cəsarətli Amerika-Ukrayna biznes layihələri üçün etibarlı tərəfdaşdır”, – deyə Sviridenko qeyd edib.

Görüş zamanı tərəflər Avropanın enerji təhlükəsizliyi məsələlərini də müzakirə ediblər. Sviridenko bildirib ki, Rusiya Ukraynaya təsir imkanlarını və müharibəni maliyyələşdirmək üçün gəlir mənbələrini tam itirməlidir.

“Bu məqsədlə beynəlxalq tərəfdaşlarla birgə atıla biləcək konkret addımlarımız var. Avropa və transatlantik birliyinin rolu burada həlledicidir”, – deyə o əlavə edib.

Hökumət başçısı həmçinin sanksiyalar məsələsinin də müzakirə olunduğunu bildirib və Bessentə G7 ölkələri ilə birgə işləmək mövqeyinə görə təşəkkür edib.

Xatırladaq ki, bundan əvvəl “Financial Times” yazmışdı ki, Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələri ABŞ ilə məlumat mübadiləsi nəticəsində daha effektiv olub.

Digər tərəfdən, ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker bildirib ki, PURL proqramı çərçivəsində Ukraynaya yeni silah tədarükü həyata keçiriləcək.

“PURL sayəsində Avropa müttəfiqləri və Kanada ən müasir Amerika silahlarını alaraq Ukraynaya ötürə bilirlər. Bu tədarüklərin davamlı olması təmin edilməlidir ki, müttəfiqlər daha fəal iştirak etsinlər”, – deyə Uitaker vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki