ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynanın Qərb müttəfiqləri tərəfindən Rusiya ərazisinə zərbələr endirmək üçün təqdim etdiyi bəzi uzaqmənzilli raketlərdən istifadəsinə qoyulan əsas məhdudiyyəti aradan qaldırıb, The Wall Street Journal mənbələrə istinadən yazır.
Qəzetin yazdığına görə, ABŞ rəsmiləri Ukraynanın “Storm Shadow” raketləri ilə daha çox hücuma keçəcəyini gözləyirlər. Birləşmiş Ştatlar onların istifadəsini məhdudlaşdıra bilər, çünki raketlər Amerikanın hədəf məlumatlarına əsaslanır.
ABŞ-ın 46-cı prezidenti Co Bayden prezidentlik müddətinin sonunda Ukraynaya Rusiyadakı hədəfləri vurmaq üçün “Storm Shadow” və “ATACMS” uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verib. Lakin Donald Tramp hakimiyyətə gəldikdən sonra bu raketlərdən istifadə proseduru mürəkkəbləşdi və son vaxtlara qədər ABŞ Qərbin uzaqmənzilli silahları ilə hücumları bəyənmədi.
The Wall Street Journal xəbər verir ki, bu cür hücumlara icazə vermək səlahiyyəti bu yaxınlarda Avropa Komandanlığına verilib, iki amerikalı məmur bildirib.