Vətəninfo.az xəbər verir ki, Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib ki, Avropa Komissiyası Rusiya aktivlərinin müsadirəsinə dair qərarı dekabrın 18–19-da keçiriləcək Avropa Şurasının iclasında qəbul etməyi planlaşdırır.
“Ukraynanın maliyyələşdirilməsi ilə bağlı nəticə əldə etmədən dekabrda Şuradan ayrılmayacağıq,” — Kallas jurnalistlərə açıqlamasında deyib. O həmçinin qeyd edib ki, Belçikanın mövcud risklərlə bağlı əsaslı narahatlıqları var, lakin digər üzv ölkələr bu riskləri bölüşməyə hazır olduqlarını bildiriblər.
Avropa Komissiyası daha əvvəl açıqlamışdı ki, Rusiyanın suveren aktivlərinin müsadirəsi hesabına Ukraynaya 2026–2027-ci illərdə hərbi və maliyyə dəstəyi göstərməyi planlaşdırır. Bu sxem Aİ tərəfindən “reparasiya krediti” kimi təqdim olunur.
Qeyd edək ki, müsadirə nəzərdə tutulan aktivlərin böyük hissəsi Belçikada yerləşən Euroclear platformasında dondurulmuş vəziyyətdə saxlanılır.
























