Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edib.
DİM-dən verilən xəbərə görə, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2022-ci il martın 4-dən 17-dək internet vasitəsilə aparılır.
Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (kabineti olmayanlar) şəxsi kabinetlərinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). III ixtisas qrupunu seçən abituriyentlər elektron ərizəni doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqruplarından birini, yaxud hər ikisini seçməlidirlər.
Müsabiqədə iştirak ödənişlidir. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.2-ci bəndinə əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdində) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Bu kateqoriyadan olan abituriyentlər III ixtisas qrupunun DT və TC altqruplarının hər ikisini seçdikləri halda, onlar “Coğrafiya” fənni üzrə imtahanda iştirak etmək üçün əlavə olaraq ödəniş edirlər.
“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.3-1.7-ci bəndlərinə əsasən aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:
– Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
– şəhid ailəsinin üzvləri;
– valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
– məcburi köçkün statusu olan şəxslər;
– I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Yuxarıda qeyd olunan kateqoriyalara aid abituriyentlər elektron ərizələrini təsdiq etməzdən (etdirməzdən) əvvəl DİM-in internet səhifəsində eyni adlı qeydiyyat sistemində qeydiyyatdan keçməlidirlər (ekabinet.dim.gov.az/pimtiyaz.aspx).
Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetinlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır.
Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə həyata keçirilir. İmtahanın ikinci mərhələsinin iki dəfə (1-ci cəhd və 2-ci cəhd) keçirilməsi nəzərdə tutulur. Bu halda abituriyentlər hər iki cəhd üzrə (hər cəhddə bir dəfə olmaqla) imtahanda iştirak edə bilərlər. Hər iki cəhddə iştirak edən abituriyentlər ikinci cəhddə birincidəkindən fərqli ixtisas qrupu üzrə imtahan verə bilərlər. I‑IV ixtisas qrupları üzrə ərizələrini təsdiq etmiş (etdirmiş) abituriyentlər qəbul imtahanının ikinci mərhələsinin 1-ci cəhdində iştirak edirlər. 2-ci cəhddə də iştirak etmək istəyən abituriyentlər DİM tərəfindən elan olunacaq müddətdə şəxsi kabinetlərinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində qeydiyyatdan keçəcəklər.
Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin həm I-IV ixtisas qruplarına (hər hansı biri və yaxud ikisi üzrə) daxil olan ixtisaslar, həm V ixtisas qrupuna daxil olan ixtisaslar, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq bəndləri qeyd etməlidirlər.
Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir):
Abituriyentlərin əksəriyyəti ərizələrini özləri təsdiq edə bilirlər. Ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli olan abituriyentlər elektron tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər.
SQK-ların siyahısı və onların fəaliyyət müddəti, ərizə qəbulu ilə bağlı xüsusi hallar, imtahanların keçirilməsi, müsabiqə şərtləri, tədris dili və xarici dil imtahanları ilə bağlı xüsusi hallar və digər məsələlərlə verilmiş keçiddə sağ tərəfdə (“Tələbə qəbulu haqqında elan Ali TM”) tanış ola bilərsiniz.
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu DİM tərəfindən elan olunacaq müddətdə internet vasitəsilə aparılacaq. Daha ətraflı məlumatla tələbə qəbulu haqqında elanın son hissəsində tanış ola bilərsiniz.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu
11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2022-ci il martın 4-dən 17-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır:
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).
Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).
SQK-ların siyahısı və onların fəaliyyət müddəti, tələb olunan sənədlər, imtahanların keçirilməsi, müsabiqə şərtləri və digər məsələlərlə müvafiq səhifədə sağ tərəfdə (“Tələbə qəbulu haqqında elan, Orta ixtisas TM”) ətraflı tanış ola bilərsiz.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, qəbul kampaniyasının bütün mərhələlərində Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu Universitetlərində abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri və s. məsələlər haqqında kömək etmək məqsədilə yaradılan və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.