AMEA-nın Rəyasət Heyətində Akademiyanın elmi müəssisə və təşkilatlarında cari il doktoranturaya qəbulun nəticələrinə, dissertasiya mövzularının müasir dövrün çağırışları əsasında müəyyənləşdirilməsinə və rəqəmsal hesabatlılıq sisteminə keçid məsələlərinə həsr olunmuş müşavirə keçirilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə keçirilən müşavirədə Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi katibləri və aidiyyəti şəxslər iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan akademik İsa Həbibbəyli gənc elmi kadrların hazırlığına hər zaman xüsusi diqqət yetirildiyini, doktoranturaya yeni qəbul olanlara qayğı ilə yanaşılmasının vacibliyini bildirib.
Akademik İsa Həbibbəyli dissertasiya mövzularının müəyyənləşdirilməsi zamanı keyfiyyət meyarlarına diqqət yetirilməsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, dissertasiya mövzularının müzakirəsi institutların müvafiq şöbələrində, elmi şuralarında, elmi bölmələrdə və Rəyasət Heyətində ardıcıl şəkildə aparılmalı, hər bir mövzu ətraflı təhlil olunmalıdır. Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, dissertasiya mövzularının adlarında Azərbaycan dilinin saflığı qorunmalı, zərurət olmadığı halda xarici mənşəli sözlər və terminlərdən həddindən artıq istifadə edilməməlidir.
AMEA prezidenti, eyni zamanda vurğulayıb ki, dissertasiya mövzularının müəyyənləşdirilməsi zamanı onların aktuallığı və elmi yeniliyi əsas götürülməlidir: “Süni intellekt, rəqəmsal inkişaf, milli-mənəvi dəyərlər, azərbaycançılıq və digər vacib istiqamətlər bu gün elmi tədqiqatların əsas mövzularından birinə çevrilməlidir. Bu mövzular yalnız ayrı-ayrı məqalə və çıxışlarda deyil, institutların elmi-tədqiqat planlarında, dissertasiya mövzularında və illik hesabatlarında da öz əksini tapmalıdır”.
AMEA rəhbəri cari hesabat dövründə elmi müəssisələrin fəaliyyətinin qiymətləndirilməsi zamanı ənənəvi elmi istiqamətlərlə yanaşı, yeni texnologiyaların, rəqəmsal metodların və innovativ yanaşmaların tətbiqinin nəzərə alındığını söyləyib. Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-da ənənəvi kağız hesabatlardan rəqəmsal hesabat sisteminə mərhələli keçid nəzərdə tutulur və bu istiqamətdə ilkin mərhələdə dörd elmi müəssisə – Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Folklor İnstitutu, Fəlsəfə və Sosiologiya İnstitutu, Arxeologiya və Antropologiya İnstitutu pilot layihəyə cəlb edilib.
Qeyd olunub ki, rəqəmsal hesabat modelinin hazırlanması istiqamətində AMEA-nın Rəyasət Heyəti aparatının Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi tərəfindən müvafiq işlər görülüb, institutların nümayəndələrinin iştirakı ilə müzakirələr keçirilib və sistemin təkmilləşdirilməsi üçün təkliflər nəzərdən keçirilib. Hazırlanan model elmi müəssisələrin fəaliyyətinin müəyyən edilmiş indikatorlar əsasında qiymətləndirilməsinə, nəticələrin daha operativ və şəffaf şəkildə izlənilməsinə imkan verəcək. Akademik İsa Həbibbəyli vurğulayıb ki, rəqəmsal sistemə keçid mərhələli və məqsədyönlü şəkildə həyata keçirilməlidir. Onun sözlərinə görə, əsas məsələ institutların bu istiqamətdə hazırlıq işlərinə başlaması, müvafiq potensialın formalaşdırılması və prosesə fəal qoşulmasıdır.
Akademik İsa Həbibbəyli cari hesabatların dinlənilməsinə ilkin olaraq şöbələrdə başlanıldığını söyləyib. Qeyd edib ki, elmi müəssisənin gücü ilk növbədə onun şöbələrinin elmi potensialı və fəaliyyətinin keyfiyyəti ilə müəyyən olunur. AMEA rəhbəri növbəti mərhələdə hesabatların əvvəlcə institutların Elmi şuralarında, sonra Elmi bölmələrdə, sonda isə Rəyasət Heyətinin iclaslarında dinləniləcəyini diqqətə çatdırıb. AMEA prezidenti elmi müəssisələrdə keçiriləcək hesabat müzakirələrində Akademiyanın rəhbərliyinin, Rəyasət Heyəti üzvlərinin, elmi-təşkilat və rəqəmsal inkişaf sahələri üzrə məsul əməkdaşların iştirakının vacibliyini vurğulayıb.
Akademik İsa Həbibbəyli hesabatların müzakirəsi zamanı elmi müəssisələrin fəaliyyətinin qiymətləndirilməsi ilə yanaşı, müasir dövrün çağırışlarına uyğun olaraq qarşıda duran vəzifələrin də müəyyənləşdirilməsinin vacibliyinə toxunub.
Müşavirədə qeyd olunan məsələr ətrafında akademik Gövhər Baxşəliyeva, filologiya elmləri doktoru Sərxan Xavəri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov və filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov və başqaları çıxış edərək fikirlərini bildiriblər.



























