image-reklam-veteninfo
image-1306_1793883412backend

AMEA əməkdaşları üçün “44” filminin xüsusi nümayişi təşkil olunub

image-reklam-veteninfo

8 Noyabr – Zəfər Günü münasibətilə Alov qüllələrində yerləşən “Park Cinema” kinoteatrlar şəbəkəsində Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları üçün “44” bədii filminin xüsusi nümayişi təşkil olunub.

AMEA-nın Azad Həmkarlar İttifaqı və AMEA-nın Rəyasət Heyəti aparatının Elmin populyarlaşdırılması şöbəsinin təşkilatçılığı ilə təşkil olunan filmin nümayişindən öncə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının Zəfər Gününə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, indiyədək AMEA əməkdaşları üçün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Azərbaycan Rəssamlar İttifaqında, Səməd Vurğun adına Yaradıcılıq Evində və Bakının digər müxtəlif məkanlarında rəsm sərgiləri, opera və tamaşaların nümayişi kimi mədəni tədbirlər təşkil olunub və bu gün isə ilk dəfə olaraq film nümayişi keçirilir.

Akademik İsa Həbibbəyli bildirib ki, İkinci Qarabağ müharibəsində erməni işğalçıları üzərində qazanılan 44 günlük Zəfər Azərbaycanın tarixində və taleyində alternativi olmayan, ölkəmizin minillik tarixinin ən şərəfli və möhtəşəm hadisələrindən biridir. Natiq vurğulayıb ki, Qarabağ Zəfəri Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına qazandırdığı böyük və misilsiz qələbədir və Vətən müharibəsində əldə edilən zəfər cənab Prezidenti qalib xalqın qalib lideri səviyyəsinə yüksəldib, Azərbaycan Ordusu isə dünya miqyasında qalib ordular sırasında özünə layiqli yer tutub.

Vətən müharibəsində Azərbaycanın özünün tarixi, əzəli və əbədi torpaqlarını işğaldan azad etmək uğrunda mübarizə apardığını deyən akdemik İsa Həbibbəyli müharibənin məhz bu səbəblərə görə ədalətli müharibə olduğunu söyləyib. Vətən müharibəsinin Azərbaycan xalqının möhtəşəm birliyini bütün dünyaya nümayiş etdirdiyini vurğulayan akademik İsa Həbibbəyli xalqın öz lideri, Ali Baş Komandan İlham Əliyevin ətrafında “Dəmir yumruq” kimi sıx birləşərək qələbənin əldə olunması üçün dövlət başçısına və ordumuza hərtərəfli dəstəyini verdiyini deyib.

“Vətən müharibəsi eyni zamanda Azərbaycançılıq idealının təntənəsi olub. Azərbaycançılıq anlayışı Azərbaycan xalqının milli birliyini, ortaq dəyərlərini və gələcək hədəflərini özündə birləşdirir. Bu anlayış Azərbaycanda yaşayan bütün xalqları, etnik qrupları və azsaylı xalqların nümayəndələrini vahid məfkurə ətrafında birləşdirir. Vətən müharibəsi bu möhtəşəm birliyin təntənəli ifadəsi olub. Müharibə zamanı Azərbaycanda yaşayan bütün xalqların və etnik qrupların nümayəndələri Vətənimiz uğrunda döyüşüblər. Qazilərimiz və şəhidlərimiz arasında da ölkədə yaşayan müxtəlif xalqların, etnik qrupların və azsaylı xalqların nümayəndələri var”, – deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli çıxışında İkinci Qarabağ müharibəsinin hərbi texnologiyalar baxımından da mühüm tarixi əhəmiyyət daşıdığını söyləyib. Bildirib ki, Vətən müharibəsi yeni texnologiyalar və müasir metodlar əsasında aparılan ilk müharibələrdən biridir və Azərbaycan bu sahədə də öz təcrübəsini bütün dünyaya nümayiş etdirərək ərazi bütövlüyünü tam təmin edib.

Akademik İsa Həbibbəyli bildirib ki, bu gün alimlərimizin, ziyalılarımızın əsas vəzifəsi dövlət başçısının ətrafında daha da sıx birləşərək ölkəmizdə həyata keçirilən siyasəti ziyalı mövqeyindən dəstəkləmək və şərh etmək, Vətən müharibəsinin tarixini salnamələrə çevirmək, bu tarixi hadisələri elmi əsərlərdə əks etdirmək, dünya dillərinə tərcümə edərək beynəlxalq aləmdə yaymaqdır.

Akademik əlavə edib ki, ziyalıların qarşısında duran mühüm vəzifələrdən biri də gələcək nəsilləri vətənpərvərlik ruhunda yetişdirmək, gənc nəslin dövlətçiliyimizə sədaqət hissi ilə böyüdülməsinə, bayrağına, dövlətinə, himninə, ərazi bütövlüyünə, Prezidentinə və liderinə sadiq vətəndaşlar kimi formalaşdırılmasına akademik dəstək verməkdir.

Vətən müharibəsinə həsr olunmuş “44” filminin bu istiqamətdə mühüm rol oynayacağını söyləyən akademik İsa Həbibbəyli ekran əsərinin Azərbaycan kinematoqrafiyasının son nailiyyətləri əsasında ərsəyə gəldiyini vurğulayıb. Bildirib ki, film Azərbaycanda yeni nümayiş olunmağa başlasa da, artıq geniş populyarlıq qazanıb.

Akademik İsa Həbibbəyli filmin ərsəyə gəlməsinə göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevaya, eləcə də filmin yaradıcı heyətinə Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi adından minnətdarlığını ifadə edib.

Daha sonra “44” filmi nümayiş etdirilib.

Qeyd edək ki, film Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gəlib. “44” bədii filmi istehsal miqyası, cəlb olunmuş mütəxəssislərin sayı, çəkiliş coğrafiyası, istifadə olunan texniki resursların həcmi və beynəlxalq əməkdaşlıq səviyyəsi baxımından Azərbaycanda son illərin ən böyük kinematoqrafik layihələrindəndir.

Filmin bədii rəhbəri Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, quruluşçu rejissorları İsmayıl Səfərəli, Maksim Smetana, ssenari müəllifləri Anar Ələkbərov, İsmayıl İman, prodüseri Orman Əliyev, quruluşçu operator Oleksandr Pozdnyakov, montaj rejissoru Elşad Rəhimov, bəstəkarı Ruslan Ağababayev, səs rejissoru Teymur Kərimovdur.

AMEA-nın rəhbərliyi və kollektivi İkinci Qarabağ müharibəsinə və tarixi Zəfərə həsr edilmiş “44” bədii filmini müasir mərhələdə Azərbaycan kinematoqrafiyasının mühüm nailiyyəti kimi yüksək qiymətləndiriblər.

image-5430_1793883412-1image-6572_1793883412image-1306_1793883412image-3990_1793883412image-4259_1793883412image-8240_1793883412image-5430_1793883412




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki