Vətəninfo.az xəbər verir ki, Türkiyənin “Hürriyet” qəzeti yazır ki, Türkiyə və Suriyanın yeni hakimiyyət orqanları hərtərəfli hərbi əməkdaşlıq sazişi imzalamağa hazırlaşır.
“Hürriyet” qəzeti hərbi əməkdaşlıqla bağlı bu mühüm sənədin nə vaxt imzalanmasının nəzərdə tutulduğunu dəqiqləşdirmir. Lakin qeyd edilir ki, Ankara və Dəməşq bu addımı İsrailin Suriyanın təhlükəsizliyinə yaratdığı təhdidlərə cavab olaraq atmaqdadır. Qəzetin yazdığına görə, İsrail ərəb respublikasında vətəndaş müharibəsi törətməyə çalışır.
“Hürriyet” qəzeti xatırladır ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bundan əvvəl ölkəsinin Suriyada sabitliyi pozmaq və parçalamaq planlarının həyata keçirilməsinə imkan verməyəcəyini bəyan etmişdi. Qəzet həmçinin qeyd edir ki, Suriyanın yeni hakimiyyət orqanları terrorla mübarizədə kömək üçün Türkiyəyə üz tutub.
TRT Haber telekanalı çərşənbə günü Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən xəbər verir ki, Suriyanın yeni hakimiyyət orqanları müdafiə imkanlarını gücləndirmək və terror təşkilatları, o cümlədən İslam Dövləti qruplaşması ilə mübarizə səyləri çərçivəsində Türkiyədən yardım istəyib.