Vətəninfo.az xəbər verir ki, Brüssel və Lyej hava limanlarında noyabrın 4-ü axşam saatlarında fəaliyyət müvəqqəti olaraq dayandırılıb. Reuters xəbər verir ki, buna hava limanları yaxınlığında pilotsuz uçuş aparatlarının (dronların) aşkarlanması səbəb olub.
Belçika hava hərəkətinə nəzarət xidməti məlumat verib ki, ilk dron saat 20:00 radələrində Zaventem hava limanı yaxınlığında qeydə alınıb. Dərhal uçuşlar dayandırılıb və hava məkanında təhlükəsizlik tədbirləri gücləndirilib.
İki saatdan sonra uçuşlar qismən bərpa edilsə də, dronlara dair yeni məlumatların daxil olmasından sonra hava limanlarının fəaliyyəti yenidən dayandırılıb.
RTBF telekanalının məlumatına görə, noyabrın 5-i səhəri üçün planlaşdırılan 25 reysdən 10-u ləğv edilib, 5-i isə gecikmə ilə həyata keçirilib. Noyabrın 4-ü axşam saatlarında ümumilikdə 41 reys təxirə salınıb, bir neçə təyyarə isə ehtiyat tədbiri kimi digər hava limanlarına yönləndirilib.
Hadisənin mümkün təhlükəsizlik riski ilə bağlı olduğu bildirilir. Belçikanın təhlükəsizlik və daxili işlər naziri Bernard Kventin, baş nazir Bart de Veverə vəziyyəti müzakirə etmək üçün Milli Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını təklif edib.
Hazırda dronların mənşəyi və məqsədi araşdırılır. Rəsmilər hadisəni potensial təhlükəsizlik hücumu kimi qiymətləndirməkdən çəkinir, lakin ehtiyat tədbirləri davam etdirilir.


























