image-1backend

Avropaya indiyədək 38 mlrd. kubmetrə yaxın Azərbaycan qazı tədarük edilib

image-reklam_sirab_01

Energetika naziri Pərviz Şahbazov Milanda İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratini ilə görüşüb. Görüşdə enerji sahəsində və Azərbaycanın COP29-a, İtaliyanın G7-yə sədrliyi çərçivəsində əməkdaşlığın geniş spektri müzakirə edilib.

Energetika Nazirliyindən Vətəninfo.az-a verilən məlumata görə, Azərbaycanla İtaliya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından və əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya ilə münasibətlərin hərtərəfli inkişafına önəm verdiyi vurğulanıb.

Məlumata görə, İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olması, indiyə kimi Avropaya tədarük edilmiş 37,9 milyard kubmetr qazın 30 milyard kubmetrdən çoxunun bu ölkəyə nəqli və İtaliyanın qazla təchizatında Azərbaycanın ilk üçlükdə qərarlaşması müsbət məqamlar kimi qeyd olunub. Bu il Italiyaya qaz tədarükünün 9,6 milyard kubmetr proqnozlaşdırıldığı, TAP-ın 2026-cı ildən ötürücülük gücünün 1,2 milyard kubmetr genişlənməsinin isə enerji təhlükəsizliyi və dekarbonizasiya məsələlərində əməkdaşlığımızı gücləndirəcəyi bildirilib. “Ansaldo Energia” şirkəti ilə hazırda inşa olunan 1280 MVt-lıq elektrik stansiyasının və azad edilmiş ərazilərdə yarımstansiyaların avadanlıqlarla təchizatı üzrə əməkdaşlıqdan da bəhs olunub və bərpa olunan enerjinin tədarükü perspektivləri dəyərləndirilib. İtaliyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə Azərbaycandan “yaşıl enerji”nin təchiz edilməsinə marağı ifadə edilib.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image