image-reklam-veteninfo
image-5backend

Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri

image-reklam-veteninfo

Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin möhkəm tarixi və siyasi əsasları mövcuddur. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, eləcə də 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələlər olmuşdur. Sonrakı dövrdə siyasi dialoqun genişlənməsi, iqtisadi və enerji sahələrində əməkdaşlığın dərinləşməsi, qarşılıqlı səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində təmaslar münasibətlərin daha yüksək səviyyəyə çatmasına zəmin yaratmışdır. Yeni Birgə Bəyannamə məhz bu tarixi təcrübəyə və formalaşmış qarşılıqlı etimada əsaslanaraq strateji tərəfdaşlığın institusional çərçivəsini müəyyənləşdirir.

2026-cı il noyabrın 12-də Dublində qəbul edilən sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnham tərəfindən imzalanmışdır. Bəyannamənin əsas mahiyyəti münasibətlərin qarşılıqlı hörmət, ortaq maraqlar və praktiki əməkdaşlıq prinsipləri əsasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsidir. Sənəddə müdafiə və təhlükəsizlik, ticarət, investisiya və iqtisadi inkişaf, təhsil və innovasiya əsas əməkdaşlıq istiqamətləri kimi müəyyən edilmişdir. Bu yanaşma göstərir ki, tərəflər ikitərəfli münasibətləri yalnız ənənəvi əməkdaşlıq sahələri ilə məhdudlaşdırmaq niyyətində deyil, eyni zamanda yeni dövrün çağırışlarına uyğun geniş və çoxşaxəli tərəfdaşlıq modeli formalaşdırmağa çalışırlar.
Bəyannamənin mühüm müddəalarından biri beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqliyin bir daha təsdiqlənməsidir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət sənədin siyasi-hüquqi əsasını təşkil edir. Bu prinsiplərin xüsusi vurğulanması Azərbaycanın xarici siyasətinin prioritetləri ilə uzlaşır. Azərbaycan hər zaman beynəlxalq münasibətlər sistemində dövlətlərin suveren bərabərliyinin qorunmasını, ərazi bütövlüyünün təmin olunmasını və beynəlxalq hüququn bütün ölkələrə münasibətdə eyni meyarlarla tətbiq edilməsini müdafiə etmişdir. Bu baxımdan Bəyannamə qarşılıqlı münasibətlərin hüquqi prinsiplər əsasında inkişaf etdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.
Sənəddə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi yer ayrılması müasir beynəlxalq münasibətlər sistemində baş verən proseslərin düzgün qiymətləndirilməsindən irəli gəlir. Hazırkı dövrdə regional münaqişələr, transsərhəd təhdidlər, yeni təhlükəsizlik riskləri və geosiyasi gərginliklər dövlətlər arasında əlaqələndirilmiş fəaliyyətin vacibliyini artırır. Azərbaycan və Birləşmiş Krallıq bu reallıqları nəzərə alaraq müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə təlimlərin təşkili, mütəxəssis hazırlığı, institusional imkanların artırılması və müdafiə sənayesi üzrə perspektivlərin araşdırılması istiqamətində qarşılıqlı fəaliyyət göstərməyi nəzərdə tuturlar.

Bununla yanaşı, hüquq-mühafizə orqanları arasında əlaqələrin genişləndirilməsi, sərhəd idarəçiliyi, hüquqi və məhkəmə sahələrində əməkdaşlıq da Bəyannamədə əksini tapmışdır. Bu istiqamətlər dövlət institutlarının dayanıqlığının gücləndirilməsi, qanunun aliliyinin təmin olunması və müasir təhlükəsizlik çağırışlarına qarşı daha çevik mexanizmlərin formalaşdırılması baxımından əhəmiyyətlidir. Tərəflərin beynəlxalq platformalarda ortaq maraqların uzlaşdığı məsələlər üzrə əməkdaşlıq etmək niyyəti isə ikitərəfli münasibətlərin daha geniş beynəlxalq müstəviyə çıxarılmasına imkan yaradır.

Azərbaycan ilə Birləşmiş Krallıq arasında strateji tərəfdaşlığın digər mühüm istiqaməti iqtisadiyyat, ticarət və investisiya əlaqələrinin genişləndirilməsidir. Azərbaycan əlverişli coğrafi mövqeyi, zəngin enerji potensialı, inkişaf etmiş nəqliyyat infrastrukturu və həyata keçirdiyi iqtisadi islahatlarla beynəlxalq investorlar üçün mühüm imkanlar təqdim edir. Birləşmiş Krallığın maliyyə, texnologiya, xidmətlər və investisiya sahələrində malik olduğu təcrübə isə bu imkanların daha səmərəli reallaşdırılmasına töhfə verə bilər. Bəyannamədə uzunmüddətli kommersiya tərəfdaşlıqlarının təşviqi, bilik və təcrübə mübadiləsi, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının artırılması əsas hədəflər sırasında göstərilir.
İqtisadi əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Müasir iqtisadi münasibətlərdə yalnız ticarət dövriyyəsinin artırılması deyil, həm də yeni istehsal sahələrinin yaradılması, texnoloji yeniliklərin tətbiqi, insan kapitalının inkişafı və yüksək əlavə dəyər yaradan fəaliyyət istiqamətlərinin genişləndirilməsi vacibdir. Bu baxımdan Bəyannamədə infrastruktur, xidmətlər və bərpaolunan enerji sahələrinə xüsusi diqqət yetirilməsi gələcək əməkdaşlığın iqtisadi baxımdan daha məhsuldar olacağını göstərir.

Sənədin diqqətçəkən müddəalarından biri Orta Dəhlizin inkişafına verilən önəmdir. Azərbaycan Şərqlə Qərb arasında mühüm nəqliyyat və logistika qovşağı kimi regional və beynəlxalq ticarət əlaqələrinin genişlənməsində getdikcə daha böyük rol oynayır. Şərq-Qərb nəqliyyat marşrutlarının inkişafı, liman və dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi, tranzit imkanlarının artırılması ölkəmizin beynəlxalq iqtisadi sistemdə mövqeyini gücləndirir. Birləşmiş Krallığın bu istiqamətdə əməkdaşlığa maraq göstərməsi Azərbaycanın nəqliyyat-logistika potensialının beynəlxalq tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir. Orta Dəhlizin inkişafı yalnız yükdaşımaların həcminin artırılması ilə məhdudlaşmır, eyni zamanda region ölkələri arasında iqtisadi qarşılıqlı asılılığın güclənməsinə, yeni investisiya layihələrinin yaranmasına və ticarət əlaqələrinin şaxələnməsinə xidmət edir.

Enerji sahəsində əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi də Birgə Bəyannamənin mühüm müddəalarındandır. Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi tanınır. Bununla yanaşı, ölkəmiz ənənəvi enerji resurslarından səmərəli istifadə etməklə yanaşı, alternativ və bərpaolunan enerji mənbələrinin inkişafını da prioritet istiqamət kimi müəyyənləşdirib. Günəş və külək enerjisi potensialı, yaşıl enerji layihələri və enerji infrastrukturunun modernləşdirilməsi Azərbaycanın gələcək enerji strategiyasının əsas komponentləridir. Bəyannamədə təmiz enerji keçidi, yaşıl maliyyələşmə, aşağı karbonlu texnologiyalar və iqlim dayanıqlığının gücləndirilməsi məsələlərinin yer alması iki ölkə arasında əməkdaşlığın müasir ekoloji və iqtisadi çağırışlara uyğunlaşdırıldığını nümayiş etdirir.

Maliyyə və kapital bazarları üzrə əməkdaşlığın genişləndirilməsi də gələcək üçün mühüm perspektivlər yaradır. Maliyyə institutları arasında təcrübə mübadiləsi, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi, ticarət maliyyəsi, yaşıl investisiyalar və beynəlxalq bazarlara çıxış imkanlarının artırılması iqtisadi münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yarada bilər. Bu prosesdə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinə xüsusi əhəmiyyət verilməsi nəzərdə tutulur. Komissiya investisiya, iqtisadi şaxələndirmə, Orta Dəhliz və enerji sahələrində təşəbbüslərin əlaqələndirilməsi üçün əsas platforma kimi çıxış edəcək.

Ümumilikdə, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki dövlətin münasibətlərində yeni mərhələnin başlanğıcını ifadə edir. Sənədin əhəmiyyəti onun əhatə etdiyi sahələrin genişliyi ilə yanaşı, gələcəyə hesablanmış əməkdaşlıq mexanizmləri və qarşılıqlı maraqlara əsaslanan yanaşması ilə müəyyən olunur. Müdafiə və təhlükəsizlikdən iqtisadi inkişafa, enerji əməkdaşlığından təhsilə və innovasiyaya qədər müxtəlif istiqamətlərin vahid strateji çərçivədə birləşdirilməsi münasibətlərin davamlı inkişafı üçün möhkəm zəmin yaradır.
Azərbaycanın müstəqil xarici siyasəti, artan beynəlxalq nüfuzu və regional təşəbbüsləri ölkəmizin dünya dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlıq əlaqələri qurmaq imkanlarını daha da genişləndirir. Birləşmiş Krallıqla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi də bu siyasətin mühüm nəticələrindən biri kimi qiymətləndirilə bilər. Əsas məsələ bundan sonra sənəddə müəyyənləşdirilmiş hədəflərin konkret layihələrə, iqtisadi nəticələrə və davamlı siyasi dialoqa çevrilməsidir. Şübhəsiz ki, qarşılıqlı etimad, ortaq maraqlar və uzunmüddətli əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirilən Azərbaycan–Böyük Britaniya münasibətləri həm ikitərəfli əlaqələrin möhkəmlənməsinə, həm də regional sabitlik və beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəkdir.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki