Ermənistan keçmişdə işğal altında olan ərazilərimizdə qanunsuz olaraq təbii sərvətlərimizi, o cümlədən qızıl və digər qiymətli metal və mineralları istismar etmiş, onları xarici bazarlara ixrac etmişdir .
Azərbaycan ərazilərinin uzun müddət işğal altında qalması bizim təbii resurslarımızın, o cümlədən qızıl ehtiyatlarımızın Ermənistan siyasi rəhbərliyi tərəfindən istifadə edilməsinə səbəb olub.
İşğaldan azad olunmuş Zəngilan rayonu yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olan ərazilərdən biridir. Sovet dövründə aparılmış geoloji kəşfiyyat işləri nəticəsində burada çoxsaylı müxtəlif növ faydalı qazıntı yataqları aşkarlanmış, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilib.
1993-cü ilədək bu rayonda tədqiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları- 6,52 ton qızıl, 10,75 ton gümüş, 2 942 min ton mis konsentratı, 29 milyon m3 inşaat daşı, 14 milyon m3 çınqıl, 6 618 min m3 üzlük daşı, 1,1 milyon m3 gil, 2,5 milyon m3 qum, gündəlik ehtiyatı 18000 m3/gün yeraltı içməli su və 129 833 min ton soda üçün əhəng materialı mövcud olub.Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi aerofotoşəkillərə əsasən erməni işğalçıları tərəfindən bu yataqların bir hissəsinin vəhşicəsinə istismar edildiyi müşahidə olunub.
Eyni zamanda Işğaldan azad olunmuş,təbii ehtiyyatlarla zəngin olan rayonlarimizdan biridə Kəlbəcərdir.1993-cü ilədək Kəlbəcər rayonunda təsdiq olunmuş yataqlar üzrə faydalı qazıntı ehtiyatları -130 ton qızıl, 190,33 ton gümüş, 45,82 ton tellur, 248,89 ton selen, 939 ton civə, 10 927 min m3 mişar daşı, 1 312 min m3 gil, 2 540 min m3 qum-çınqıl, 5189,6 ton əlvan daş, gündəlik ehtiyatı 3093 m3 mineral su, 12 428 min m3 tikinti daşı, 1 901 min m3 üzlük daşı və 4 473 min m3 sement xammalı mövcud olub.
Kəlbəcər rayonu işğal edildikdən sonra buradakı faydalı qazıntı yataqlarının real vəziyyəti haqqında dəqiq məlumatlar əldə etmək mümkün olmayıb. Lakin Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin aerofotoşəkillərinə istinadən deyə bilərik ki, erməni işğalçıları tərəfindən bu yataqlar istismar edilib.
Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı.Təbii sərvətlərlə zəngin olan ərazidə Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur.
Rayonda ümumi ehtiyatları 1124 ton olan civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, 2533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, 5125 min kubmetr olan və mişar daşı istehsalına yararlı tuf (Ağoğlan, Əhmədli) mövcuddur.
Eyni zamanda, rayonda ehtiyatları 998 min kubmetr olan və kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, 2144 min kubmetr olan Quşçu pemza, 15794 min kubmetr olan Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, 10 ton əqiq və 0,9 ton jad olan 2 əlvan bəzək daşı, 10449 min ton olan 3 vulkan külü, istismar ehtiyatları 430 min kubmetr/gün olan Minkənd mineral su yataqları vardır.
Aşağıdakı cədvəldə 30 il işğalda olmuş rayonlar üzrə ayrı-ayrılıqda hansı faydalı qazıntıların olduğu verilir:
30 il İşğal altında olmuş ərazilərimizdə , təbii sərvətlərimizin amansızcasına hasilatı, bu sərvətlərin işğalçı qüvvələrin ərazilərimizdə mövcudluğu və hərbi əməliyyatlar aparılması üçün əsas maliyyə mənbəyi olması, habelə işğal altında olan ərazilərin təbiətinin, endemik nümunələrinin, flora və faunasının məqsədli və sistemli şəkildə məhv edilməsi yalnız Azərbaycan Respublikasının deyil, bütün digər dövlətlərin, beynəlxalq ətraf mühit fəallarının diqqət mərkəzində olmalıdır.
Azərbaycan Respublikasının 30 il işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni iqtisadi fəaliyyətlərə müvafiq beynəlxalq instansiyalar və mexanizmlər çərçivəsində mütləq şəkildə hüquqi qiymət verilməlidir.
NƏSİMİ RAYONU GƏNCİ : GÜNAY MƏMMƏDOVA.