Azərbaycan Xalq Cəbhəsinin fəallarından biri, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuzun rəhbərlik etdiyi Milli Vəhdət Partiyası (MVP) fəaliyyətini dayandırıb.
Vətəninfo.az xəbər verir ki, partiya yaydığı bəyanatda ölkənin qanunvericiliyinə uyğun siyasi müstəvidə ideoloji hədəflərinə nail olduğunu bildirir və siyasi partiya olaraq öz fəaliyyətinə son qoyduğunu bəyan edir.
Partiya 2002-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Növbəti il partiyanın sədri Yunus Oğuzun prezident seçkilərində namizədliyi irəli sürülüb, lakin sonradan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xeyrinə namizədliyinin geri götürməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, mart ayında Azərbaycanda 5 siyasi partiya fəaliyyətini dayandırıb. Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul edib.