image-serhedbackend

Azərbaycanda quru sərhədlər açılır? – Ekspert

image-reklam_sirab_01

Ötən həftə Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü baş tutdu. Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesusun koronavirus (COVID-19) pandemiyasının bitməsi ilə bağlı məlumat verdi: “Pandemiya bitir. İndi hər bir ölkə öz üzərinə düşəni etməli, gələcək pandemiyalara hazırlıqlı olmalı və pandemiyadan sonrakı bərpada iştirak etməlidir”.

Son ayların statistikası da göstərir ki, Azərbaycanda virusa yoluxanların sayında ciddi şəkildə azalma var. Əksər infeksionistlər də pandemiyanı artıq bitmiş hesab edir. Demək olar ki, koronavirus getdikcə digər viruslar kimi mövsümi xarakter almağa başlayıb.

Buna baxmayaraq, Nazirlər Kabinetinin qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il mayın 1-i saat 06:00-dək uzadılıb. Ölkəmizdə hələ də quru sərhədlər bağlıdır.

Maraqlıdır, Azərbaycanda quru sərhədlərin açılmasına mane olan nədir? Ölkəmiz pandemiyanın bitdiyini niyə qəbul etmir?

Vətəninfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, İqtisadçı Rəşad Həsənov quru sərhədlərinin hələ də bağlı olmasının səbəbi onun üçün də aydın olmmadığını bildirib:

“Məsələdə tibbi faktorun rolu zəif görünür. Düşündüyüm qədər ilə hökumət pandemiya dönəmində zərurətdən bu rejimi test etdi. Bu rejim hökumət və onun digər strukturları üçün daha rahat və asan idarəolunan görünür. Bu qərarın davamlılığını da onlar təmin etməyə çalışırlar. Aydındır ki, bu, sonsuzadək davam edə bilməz. Ola bilsin, məsələnin məğzində bilmədiyimiz hər hansı ciddi səbəb var. Xüsusilə son dövrlərdə İranla yaşanan gərginlik bu istiqamətdə müəyyən bir tərəddüdlər, şübhələr yarada bilər.

Yanaşmam ondan ibarətdir ki, müstəqil, demokratik bir ölkə heç bir halda ciddi zərurət olmadığı təqdirdə vətəndaşların sərbəst hərəkətini məhdudlaşdırmamalıdır. Bu, iqtisadi inteqrasiyaya mənfi təsir göstərir, eyni zamanda son 30 ildə sərhəd bölgələrində yaşayan əhalinin də həyat tərzini pisləşdirir. Çünki bu insanların dolanışığı daha çox xırda ticarətdən formalaşırdı. Gündəlik və ya aylıq tələbat mallarını qonşu ölkələrdən – İrandan, Gürcüstandan aşağı qiymətə gətirə bilirdilər.

Bu, onların ailə büdcələrini daha səmərəli idarə etməyə imkan yaradırdı. Bütün bu imkanlar son iki ildə məhdudlaşdırıldı. Bu da kifayət qədər ciddi məşğulluq problemi və sosial gərginlik yaradır”.

Rəşad Həsənov deyir ki, quru sərhədlərinin bağlı qalması turizm sektorunda zərərin həcmini ciddi şəkildə artırır: “Azərbaycanın əsas turizm potensialı qonşu ölkələrdir – İran, Türkiyə, Rusiya və Gürcüstan. Türkiyə quru sərhədindən qismən istifadə etsə də, Rusiya, İran və Gürcüstan quru sərhədin imkanlarından daha geniş yararlanırdı. Çünki bu ölkələrin əhalisinin alıcılıq gücü çox da böyük deyil. Ona görə bu ölkələrin əhalisi xüsusilə Azərbaycanın təqdim etdiyi bahalı hava nəqliyyatı xidmətlərdən istifadə edə bilmir. Statistik məlumatlara nəzər salanda Gürcüstandan Azərbaycana gələnlərin sayında 10 dəfə azalmaya şahid oluruq. İrandan gələnlərin sayında isə 6 dəfədən çox azalma var.

Quru sərhəd qadağası Azərbaycan vətəndaşlarının istirahətini, asudə vaxtını normal şəkildə təmin etmək imkanlarını məhdudlaşdırır. Öz tətillərini xarici ölkələrdə keçirmək istəyən insanlar var. Söhbət imkanlı şəxslərdən getmir, əhalinin 5-10 faizi yüksək gəlirli sosial qrupdur. Ümumiyyətlə, bu qrup quru sərhədlər açıq olanda da bu xidmətlərdən istifadə etməyib, bu, yalnız təsadüf hallarda baş verərdi.

Quru sərhədlərdən daha çox az gəlirli və kiçik büdcə ilə öz ailəsinin hansısa ehtiyaclarını qarşılamaq istəyən əhalinin 80-90 faizi istifadə edirdi. Bu, böyük bir kəsimi əhatə edir. Artıq bu imkanlar məhdudlaşdırılıb. Nəticədə xarici ölkələrdə tətillərin keçirilməsi əhəmiyyətli səviyyədə bahalaşıb. Bu, statistika da əks olunub ki, xaricə gedənlərin sayı təxminən 5 dəfə azalıb. Bütün bu məqamları nəzərə almaqda fayda var”.

Analitik hesab edir ki, quru sərhədlərin açıq olması ölkə bazarındakı inhisar təzyiqlərini qismən zəiflədir: “İnsanlar kütləvi şəkildə qonşu ölkələrə gedib müəyyən məhsullar gətirdilər. Həmin məhsulları öz əhatələrində olsa belə, xırda bazarlara təklif etməklə bu inhisar diktəsini nisbətən zəiflədirdilər. Bu gün çox böyük qiymət artımı var. Halbuki quru sərhədlərin açıq olması bu artımların qarşısının alınmasında kiçik də olsa, öz töhfəsini verən mexanizmlərdən biri idi.

ÜST mart ayında pandemiyanın bitməsi ilə bağlı qərarını açıqlayacaq. Belə bir şərtlər daxilində siyasi faktorlar varsa, onun əhatə dairəsi kiçilməlidir. Müəyyən əsaslandırmalarla bəzi ölkələrlə sərhədlər açıla, bəziləri ilə bağlı qala bilər.

Rusiya-Ukrayna konflikti dövründə remitenslər əhəmiyyətli səviyyədə azalıb. Bunun xüsusilə cənub bölgəsində, Lənkəran və Gəncə-Qazax iqtisadi rayonlarında yaşayan region əhalisinə təsiri çox ciddidir. Qərar qəbul edərkən bütün bu məqamları nəzərə almaq başlıca rol oynayır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki