XV Yay Olimpiya Oyunları 1952-ci il iyulun 19-dan avqustun 3-dək Finlandiyanın paytaxtı Helsinkidə keçirilib.
Azərbaycan idmançıları ilk dəfə SSRİ yığma komandasının tərkibində burada iştirak ediblər.
Bu oyunlarda Azərbaycanın 5 idmançısından biri uzunluğa tullanma üzrə peşəkar idmançı Xandadaş Mədətov idi. Lakin medal qazanmağa namizəd olan Xandadaş zədələndiyinə görə yarışlarda çıxış edə bilməyib.
Lakin bu onu dayandırmır və Kiyev şəhərində keçirilən uzununa tullanma yarışında SSRİ çempionatında birinci yerə layiq görülərək, SSRİ rekordunu (7 m 50 sm) təzələmişdi.
Bu Azərbaycana gətirilən ilk rekordlardan biri hesab edilə bilər.
Xandadaş Kazım oğlu Mədətov 1925-ci il martın 14-də Astara rayonunun (indiki Astara şəhəri) Qum kəndində anadan olub.
Xandadaş Mədətov 1942-ci ildə könüllü olaraq, Böyük Vətən müharibəsinə yollanıb. O, müharibə zamanı 416-cı Taqanroq diviziyasında kəşfiyyatçı olub.
Respublika yarışlarının birində gənc idmançının uğurları diqqət çəkib. Onunla təcrübəli məşqçi A.Səfərov işə başlayıb. Gərgin məşq və idman təhsili Xandadaş Mədətova yeni uğurlar qazandırdı. 1948-ci ildə uzunluğa tullanma üzrə yeni Azərbaycan rekordu qoydu, sonra isə İttifaqın ən güclü tullanmalarından biri kimi şöhrət qazandı. O, dəfələrlə müxtəlif yarışlarda qalib gəlib.
1949-cu ildə idmançı Macarıstanın paytaxtı Budapeştdə keçirilən Gənclər və Tələbələrin II Ümumdünya Festivalında SSRİ komandasının tərkibində uzunluğa tullanmada üçüncü yeri tutdu. Elə həmin il uzunluğa tullanmada yüngül atletika üzrə SSRİ İdman ustası adına layiq görüldü.
1947-1958-ci illərdə “Dinamo” idman cəmiyyətində məşqçi işləyib. 1959-cu ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun yüngül atletika kafedrasının baş müəllimi olub.
Xandadaş Mədətov 13 iyul 1987-ci ildə Astara şəhərində vəfat edib.
Beynəlxalq Olimpiya Komitəsinin saytında onun haqqında məlumat verilir: https://www.olympedia.org/athletes/77550
Zaur Əliyev, dosent