image-1backend

Azərbaycanlı alimin böyük uguru

image-reklam_sirab_01

Azərbaycan tarix elminin inkişafında mühüm xidmətləri olan görkəmli akademik, Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri Yaqub Mahmudov elm tariximizdə bir çox uğurlara imza atmış alimlərimizdəndir. Hələ sovet rejiminin hökmranlığı dövründə – 1966-cı ildə Yaqub müəllim milki dövlətçilik tariximizi tədqiq edərək, Azərbaycan Ağqoyunlu dövlətinin çoxsaylı Avropa və Asiya dövlətləri ilə geniş əlaqələr saxladığını sübuta yetirib. Tarixşünaslıq elmimizdə ilk dəfə olaraq XV-XVII əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə geniş diplomatik əlaqələr saxladığını və həmin ölkələrlə danışıqlar aparmış bir çox Azərbaycan diplomatlarının adlarını üzə çıxarıb.
Bu günlərdə aparılan araşdırmalara əsasən akademik Yaqub Mahmudov “Google Scholar”da “Azərbaycan tarixi” (History of Azerbaijan) üzrə 18 alim arasında birinci yeri tutub.
Təkcə ötən ilin elmi müraciətlərinə nəzər salsaq, Yaqub Mahmudovun əsərlərinə 450-yə yaxın istinad edilib. Ən çox istinad isə onun “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı – XVII əsrin əvvəlləri)” adlı əsərinədir.
Fədakar maarifçi, təhsil təəssübkeşi kimi Yaqub müəllim Azərbaycan təhsilinin inkişafı istiqamətində müstəsna xidmətlər göstərib.
1992‐ci il dekabrın 16‐da Azərbaycan Respublikasının Milli Məclisi məhz Yaqub Mahmudovun təşəbbüsü və təqdimatı ilə müstəqillik dövrünün ilk Təhsil Qanununun qüvvəyə minməsi barədə qərar qəbul edib və beləliklə, ölkədə müasir təhsil sisteminə keçilib.
1991‐ci ildə – Azərbaycanda fövqəladə vəziyyət rejiminin tətbiq olunduğu dövrdə Yaqub Mahmudovun rəhbərliyi ilə orta ümumtəhsil məktəbləri üçün üzərində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının təsviri olan ilk “Azərbaycan tarixi” proqramı nəşr olunub. Müstəqillik dövründə orta ümumtəhsil məktəbləri üçün ilk “Azərbaycan tarixi” və “Orta əsrlər tarixi” dərsliklərinin yaradılması da onun adı ilə bağlıdır. Həmin dövrdə ilk dəfə olaraq bütün türk dövlətlərinin tarixi “Orta əsrlər tarixi” dərsliyinə daxil edilib və türk imperiyalarının dünya tarixində yeri və rolu geniş işıqlandırılıb. Köhnə dərsliklərdən fərqli olaraq, bu dərsliklərdə türk‐müsəlman xalqlarının tarixi və mədəniyyətinə geniş yer verilib. Yaqub müəllimin hazırladığı “Ata yurdu” dərsliyi isə 2003‐cü ildə Azərbaycan tarixinə aid yeni elmi baxışa və dərslik mədəniyyətində uğurlu səhifə açdığına görə “İlin dərsliyi” seçilib.
Yaqub Mahmudovun baş redaktorluğu ilə Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəri – ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” nəşr olunub.
Onun həmmüəllifi olduğu “Qarabağ: real tarix, faktlar, sənədlər” kitabında ilk dəfə olaraq Qarabağ tarixi bütöv halda – ən qədim dövrlərdən bu günədək təkzibolunmaz sənədlər və fotomateriallar əsasında şərh olunub.
Yaqub Mahmudovun rəhbərliyi, həmmüəllifliyi və elmi redaktorluğu ilə ilk dəfə “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kimi fundamental tədqiqat əsəri işıq üzü görüb.
2007-ci ildə Yaqub Mahmudovun rəhbərliyi və həmmüəllifliyi ilə erməni saxtakarlarının Naxçıvana qarşı ərazi iddialarını ifşa edən əsər – “Naxçıvan: tarixi və abidələri” adlı elmi araşdırma dərc olunub.
Yaqub Mahmudov tarixşünaslıqda ilk dəfə olaraq “Real tarix və “böyük Ermənistan” uydurması” fundamental tədqiqatını nəşr etdirib.
Heydər Əliyevin dövlətçilik fəaliyyətinin və Azərbaycanın müstəqillik dövrü tarixinin akademik səviyyədə araşdırılması yolunda da ilk təşəbbüs Yaqub Mahmudova məxsusdur. Onun rəhbərliyi, həmmüəllifliyi və elmi redaktorluğu ilə “Heydər Əliyev” (2 cilddə, 2013) və “Azərbaycan Respublikasının tarixi” (2 cilddə, 2016) əsərləri nəşr olunub. 2023-cü ildə – “Heydər Əliyev İli”ndə isə alimin elmi redaktorluğu ilə “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” adlı kitabı işıq üzü görüb.
Alimin əsərləri indiyədək 15 dilə – türk, ingilis, rus, alman, ərəb, fars, fransız, gürcü, ibri, ispan, italyan, polyak, Ukrayna, urdu və rumın dillərinə tərcümə edilib.
Yaqub müəllimin tarixşünaslıq elmimizdə və təhsilimizdə imza atdığı bu ilklərdən geniş bir siyahı tərtib etmək olar. Bu mənada, bu gün görkəmli alimin qazandığı uğur, araşdırmalarının “Google Scholar”da geniş müraciət və istinad mənbəyinə çevrilməsi nəticə etibarilə Yaqub müəllimin elmi-tədqiqat əsərlərinin Azərbaycan və dünya akademik mühitində nə qədər aktual olduğunun göstəricisidir.
Hörmətli Yaqub müəllimi ən xoş arzularımla təbrik edir, dövlətimiz, cəmiyyətimiz və elmimiz üçün böyük əhəmiyyət daşıyan bu fəaliyyətlərini müvəffəqiyyətlə davam etdirmək üçün Ona möhkəm can sağlığı, uzun ömür və firavan həyat arzulayıram.
Cavanşir Feyziyev
Millət vəkili, fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image