image-1backend

Bakıda Azərbaycana siyasi dividendlər qazandıracaq toplantı

image-reklam_sirab_01

Ölkəmizin paytaxtı qədim Bakı şəhərinin beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi ənənə halını alıb. Dünyada nüfuzu güclənən ölkəmiz beynəlxalq ictimaiyyətin gözündə təkcə neft və qaz ölkəsi kimi deyil, həm də mötəbər konfransların, yarışların keçirildiyi bir məkan kimi canlanır. Son illər Azərbaycanın adının xarici ölkə vətəndaşlarının səfər etmək arzusunda olduğu “ilk 20-lik ölkə” siyahısında yer alması da təsadüfi sayıla bilməz. Bu mənada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının-COP29-un Bakıda keçirilməsi ölkəmizin həm turizm, həm iqtisadi, həm də siyasi əhəmiyyətini artıracaq.

Hazırda ölkəmizə qarşı bəzi xarici dairələrdə çirkin kampaniyanın aparıldığı bir vaxtda əksər dünya dövlətlərinin etimad göstərərək Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyinə namizədliyini dəstəkləməsi ciddi diplomatik uğurdur. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya miqyasında xüsusi əhəmiyyətə malik ölkəyə çevrilib. Azərbaycan müstəqil, prinsipial mövqe ortaya qoyduğu, beynəlxalq hüquqa hörmət etdiyi üçün dünya dövlətlərinin etimadını qazanıb.

Bu ilin sentyabr ayında Azərbaycanda uğurlu antiterror tədbirləri aparıldı. Xaricdəki bəzi dairələr bundan narahat olsalar da, amma dünyanın əksər ölkələri Azərbaycanı dəstəklədi. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Əgər aparılan antiterror tədbirləri beynəlxalq hüquqa zidd olsaydı, bu zaman, dünya ölkələri, xüsusilə də Şərqi Avropadan olan dövlətlər belə bir mötəbər sammitin Azərbaycanda keçirilməsi təşəbbüsünü dəstəkləməzdilər.

Dekabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar məsələlərə həsr edilən müşavirədə bildirilib ki, məlum antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri və ənənəvi olaraq Fransa Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşdülər və bu  ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Buna baxmayaraq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar.

2024-cü ildə Bakı dünyanı narahat edən ekoloji və iqlim məsələlərinin həll olunduğu qlobal mərkəzə çevriləcək. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti sammitində iqlim və ekoloji çağırışların həllinə dair daha effektli və sanballı təkliflər irəli sürüləcək, layihələr hazırlanacaq.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizəni gücləndirməkdir. 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.  Qeyd edilməlidir ki, qlobal istixana effekti yaradan qazların emissiyalarının cəmi 0,15 faizi ölkəmizin payına düşür. Hədəfimiz 2030-cu ilə qədər istixana effekti yaradan qazların emissiyalarını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmaqdır. Buna bariz nümunə kimi azad edilmiş ərazilərimizdə münaqişə sonrası həyata keçirilən genişmiqyaslı bərpa işlərini göstərmək olar. Söhbət ekoloji texnologiyalara, həmçinin “ağıllı” və “yaşıl” yanaşmalara əsaslanan layihələrin icrasından gedir. “Yaşıl enerji” zonası, təmiz nəqliyyat, “ağıllı şəhərlər”, “ağıllı kəndlər” kimi innovativ yanaşmalar, minlərlə hektar sahədə meşələrin bərpası buna misaldır.

Gələn il Bakı şəhərində dünyanın 150-dən artıq ölkəsindən 80 minə qədər qonağın gəlməsi gözlənilir. Tədbirin iki həftə çəkəcəyini nəzərə alsaq, sammitin ölkəmiz üçün əhəmiyyətini təsəvvür etmək çətin deyil. Təbii ki, burada başlıca faktorlardan biri Azərbaycanda təhlükəsiz mühitin, sabitliyin, inkişafın olması, bütün sahələrdə modernləşmənin mövcudluğudur. Məhz bunu nəzərə alaraq Şərqi Avropa ölkələrinin əksəriyyəti COP29-un Azərbaycanda keçirilməsi təşəbbüsü ilə çıxış etdilər və hətta Ermənistan da Bakının xeyrinə öz namizədliyini geri götürdü. Düşünürəm ki, 2024-cü ildə və ondan sonrakı illərdə Azərbaycan yerli, regional və beynəlxalq miqyasda bir sıra ciddi siyasi hadisələrin mərkəzində olacaq.

COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizə bir sıra siyasi dividendlər qazandıracaqdır. Belə bir mötəbər tədbirə ev sahibliyi etmək böyük məsuliyyətdir. Əminik ki, bu sammitdən sonra iştirakçıların Azərbaycanla bağlı təəssüratları daha da yaxşı olacaq. Onlar ölkəmizdəki inkişafı öz gözləri ilə görəcəklər və Azərbaycanın çox doğru yolda olduğunu, dövlətimizin ədalətli inkişafa, insan haqlarına, yaşıl enerjiyə, necə üstünlük verdiyini şəxsən görəcəklər.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki