Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində həyata keçirdiyi əməliyyat ölkə mediasında geniş rezonans doğurdu.
Aparılan yoxlamalar nəticəsində icra başçısının müavini və bir neçə yüksək vəzifəli şəxs saxlanılıb. Amma uzun illərdir Qaradağa rəhbərlik edən Süleyman Mikayılov hələ də vəzifəsində qalır. Bu, ictimaiyyətdə suallar doğurur: başçı baş verənlərdən xəbərsiz idimi, yoxsa onu qoruyan bir qüvvə var?
Süleyman Mikayılov 2010-cu ildən Qaradağ Rayon İcra Hakimiyyətinə rəhbərlik edir. Uzun illər ərzində onun qurduğu sxem üzrə rayon ərazisində qeyri-qanuni yığımlar gerçəkləşib.
Bu sistemdə maliyyə və təsərrüfat səlahiyyətləri əsasən müavinlər və şöbə müdirləri arasında bölünüb. Aparılan əməliyyat zamanı saxlanılan şəxslər arasında icra başçısının müavini Nadir Yədulla oğlu Muradov, təsərrüfat şöbəsinin müdir əvəzi Qafar Abdullayev, icra başçısının köməkçisi Rəşad Həsən oğlu Umudov, mütəxəssis Rəşad Sərdar oğlu Nadirli və Çeyildağ üzrə icra nümayəndəsinin müavini İsa Tofiq oğlu Şəmsiyev də var. Mediada yayılan şikayətlər göstərir ki, Qaradağda vətəndaşlar və sahibkarlar icra hakimiyyətinin “qara kassa”sına ödəniş etməyə məcbur olublar. Hüquqi sənədləri tam olan müraciətlər süni gecikdirilir və yalnız əlavə ödəniş təqdim edildikdə məsələlər həll olunur. Hətta 2-ci qrup əlillərin torpaq sahəsi əldə etməsi belə “qara kassa”nın təsiri altında gecikdirilib. Sahibkarlar bildirirlər ki, bəzi əmlaklar icra başçısının yaxınları və müavinləri tərəfindən, sürücülərin vasitəsi ilə idarə olunur və satılır. Bu korrupsiya sxemi birbaşa Süleyman Mikayılovun təsir və nəzarəti altında işləyib. Onun müavinləri və şöbə müdirləri maliyyə və təsərrüfat əməliyyatlarını koordinasiya edib, nümayəndə müavinləri və mütəxəssislər isə vətəndaş müraciətlərini süzgəcdən keçirib. Nəticədə “şirinlik” verənlər istədiklərini əldə edib, hüquqlar isə ikinci plana keçib.
Hələ 2022-ci ildə Qaradağ RİH-in başçısı Süleyman Mikayılovun vəzifəsindən azad olunacağı gözlənilirdi. Bunun səbəbi vətəndaşların etirazı və çoxsaylı şikayətlər idi. İcra başçısı vəzifəsindən istifadə edərək torpaqları kütləvi şəkildə zəbt etmiş, müxtəlif yerlərdə dəyəri milyonlarla ölçülən restoranlar, otellər və ictimai iaşə obyektləri inşa etdirib. Başçının sərvətinin ümumi məbləği 100 milyonları keçdiyi deyilir. Bütün bu faktlar Qaradağ RİH-in başçısı üçün həbsin qaçılmaz olduğunu göstərirdi. Süleyman Mikayılov 1962-ci ildə Naxçıvanda anadan olub. 1979-cu ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1979-cu ildə Naxçıvan şəhər Uşaq İdman Məktəbində məşqçi kimi başlayıb, daha sonra müxtəlif idarə və şöbələrdə, o cümlədən Bakı Baş Gömrük İdarəsi və Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 2005-2010-cu illərdə Yardımlı Rayon və Lənkəran Şəhər İcra Hakimiyyətlərinə rəhbərlik edib. 2010-cu ildən Qaradağ Rayon İcra Hakimiyyətinə başçı təyin olunub. 2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidentidir. Mətbuatda “çakır” ləqəbli Qaradağ RİH-in başçısının adı həmişə neqativ işlər, rüşvət və korrupsiya halları ilə hallanıb. Belə bir mənzərədə sual qalır: Niyə uzun illər boyunca korrupsiya sisteminin mərkəzində olan başçı hələ də toxunulmazdır? İctimaiyyət bu suala cavab gözləyir, amma hələlik yalnız spekulyasiya və şayiələr var.Musavat.com


























