image-reklam-veteninfo
image-1backend

Bayramda bölgələrə getmək istəyənlərə pis xəbər – 4 günlük tətil planı

image-reklam-veteninfo

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qisminin bir neçə günlük istirahət üçün bölgələrə üz tutmasına səbəb olacaq. Xüsusilə ailəsi ilə rayonlara getmək istəyənlər səfər xərclərini, hotel qiymətlərini və istirahət imkanlarını əvvəlcədən nəzərə almalıdırlar.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan turizm məsələləri üzrə ekspert Əziz Şiriyev bildirib ki, bayram günlərində bölgələrə səfərlərə maraq artacaq:

“Bayram ərəfəsində qiymət dəyişikliyi normal haldır. Bu, təkcə bayram günlərində deyil, festivallar və müxtəlif tədbirlər zamanı da müşahidə olunur. Otellər il ərzində qiymət siyasəti müəyyənləşdirərkən aşağı və yüksək mövsümləri nəzərə alırlar. Bayram günləri isə xüsusi dövr hesab olunur.

Otellərdə bu cür tarixlər “Blackout Days” adlandırılır. Noyabr bayramları qış mövsümünə təsadüf etdiyindən qiymətlərdə müəyyən artım müşahidə oluna bilər. Xüsusilə noyabrın 7-10-da Zəfər Günü ilə əlaqədar insanların Qarabağa səfərlərə marağı artır. Bir çox insan bu günü Qarabağda qeyd etmək, Zəfər sevincini həmin ərazilərdə yaşamaq istəyir”.

Ekspert qeyd edib ki, bayramda bir, iki və üçgünlük turlara maraq olacaq. Onun sözlərinə görə, gecələməli turlar həm rahat, həm də sərfəli olur:

“Digər turistlər isə qızıl payızın gözəlliklərindən yararlanmaq üçün İsmayıllı və Qəbələ istiqamətinə üz tuturlar. Cənub bölgəsinə səfər etmək istəyənlər də var. Xüsusilə sitrus meyvələrinin yetişdiyi bu dövrdə insanlar bağlara gedərək məhsulları öz əlləri ilə toplamaq, təbiətlə təmasda olmaq imkanı əldə edirlər. Bayram günlərində ölkənin, demək olar ki, bütün istiqamətlərinə səfərlərin təşkili gözlənilir. Birgünlük, iki günlük və üçgünlük turlara maraq var. Bəzi insanlar birgünlük səfərlərə üstünlük versələr də, digərləri üçün gecələmə imkanının olması vacibdir. Çünki bir gün ərzində gedib-qayıtmaq bəzən yorucu olur. Bu baxımdan, vətəndaşlara turizm şirkətlərinə müraciət etməyi tövsiyə edirəm. Turizm şirkətləri il ərzində otellərlə mütəmadi qrup turları təşkil etdiklərinə və korporativ əməkdaşlıq qurduqlarına görə daha münasib qiymətlər əldə edə bilirlər. Hazırda şirkətlərin təşkil etdiyi iki və üçgünlük turlar fərdi qaydada səfər etməkdən daha sərfəli ola bilər.

Qiyməti 99, 109, 119 və 129 manat olan turlar mövcuddur. Bu qiymətə oteldə bir gecəlik qalmaq, səhər yeməyi, nəqliyyat, ekskursiyalar və tur rəhbərinin xidmətləri daxil ola bilər. Beləliklə, turistlər əlavə xərclərini əvvəlcədən planlaşdıra bilirlər”.

Ə.Şiriyev şəxsi avtomobillə səyahət edənlərə büdcələrinə uyğun otel seçməyi tövsiyə edib:

“Fərdi şəkildə, şəxsi nəqliyyat vasitəsi ilə səfər etmək istəyənlər isə otel seçimlərini büdcələrinə uyğun müəyyənləşdirə bilərlər. Məsələn, Xankəndi şəhərində üçulduzlu oteldə iki nəfərin bir gecəlik qalması təxminən 80-100 manata başa gəlir. Daha dəbdəbəli, beşulduzlu otellərdə isə qiymətlər daha yüksəkdir. Xüsusilə bayram ərəfəsində tanınmış otel şəbəkələrində iki nəfər üçün bir gecəlik qalmağın qiyməti səhər yeməyi daxil olmaqla 200 manatdan çox ola bilər”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki