image-625e69d5b707f625e69d5b7080165035464586db9fbbaa9cf045b4b0a6c07aa57c39backend

Bəzi müharibə əlillərinin sığorta ödənişi ala bilməməsinə aydınlıq gətirilib

image-reklam_sirab_01

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bir qrup Vətən müharibəsi əlilinin dövlət icbari sığorta ödənişini ala bilməməsi məsələsinə aydınlıq gətirilib.

Agentlikdən bildirilib ki, həmin şəxslərə sığorta ödənişinin verilməsi Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) səlahiyyətindədir.

“Prezident İlham Əliyevin 2021-ci il 18 may tarixli Fərmanı ilə Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) dövlət icbari şəxsi sığorta sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Dövlət icbari şəxsi sığortası üzrə sığorta olunan şəxslərə həmin vaxtdan sonra baş vermiş sığorta hadisəsinə (sığorta ödənişi verilməsinə əsas yaradan hadisə və ya hala) görə sığorta ödənişi Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. 2022-ci il yanvarın 1-dək baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişi verilməsi isə qanunla “Azərsığorta”nın səlahiyyətindədir”, – deyə bildirilib.

Həmçinin qeyd olunub ki, bağlanmış müqavilələr üzrə həmin vaxtadək onların sığortaçısı “Azərsığorta” olub və onların dövlət icbari şəxsi sığortası üzrə sığorta haqları da xidmət etdikləri orqanlar tərəfindən “Azərsığorta”ya köçürülüb.

“Misal üçün, hərbi qulluqçu 2022-ci il yanvarın 1-dək olan dövrdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alıbsa, bu xəsarətə görə əlillik 2022-ci il yanvarın 1-dən sonra təyin edilibsə, ona sığorta ödənişini “Azərsığorta” edir. Çünki xəsarət aldığı dövr üzrə onun sığortaçısı “Azərsığorta” olub və həmin dövr üzrə hərbi qulluqçunun sığorta haqları da bu təşkilata köçürülüb. 2022-ci il yanvarın 1-dək sığorta ödənişi edilmiş sığorta hadisələri ilə bağlı həmin vaxtdan sonra şəxsin səhhətində müvafiq tibbi sənədlərlə təsdiq edilən ağırlaşmalara görə yeni sığorta hadisəsi baş verdiyi halda əvvəl verilmiş ödənişlə yeni sığorta hadisəsinə görə müəyyən olunmuş ödəniş arasındakı fərq məbləği isə DSMF tərəfindən verilir. Misal üçün, hərbi qulluqçu 2022-ci il yanvarın 1-dək hərbi səbəblərlə əlaqəli 3-cü dərəcə əlilliyə görə “Azərsığorta”dan sığorta ödənişi (4400 manat) alıb. Lakin 2022-ci il yanvarın 1-dən sonra səhhətində ağırlaşma səbəbindən hərbi səbəblərlə əlaqəli ona 2-ci dərəcə əlillik təyin edilib. Bu zaman ona əvvəl verilmiş sığorta ödənişi ilə hərbi səbəblərlə əlaqəli 2-ci dərəcə əlillik üzrə müəyyən olunmuş sığorta ödənişi (6600 manat) arasındakı fərq məbləği (2200 manat) DSMF tərəfindən ödənilir”, – açıqlamada bildirilib.

Qeyd edək ki, ötən gün bir qrup müharibə əlili “Azərsığorta”nın qarşısında etiraz aksiyası keçirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki