Yaşayış binalarının zirzəmisi, kürsüsü, birinci və ikinci mərtəbələrində ictimai təyinatlı obyektlərin yerləşdirilməsinə yol verilmir.
Vətəninfo.az-ın məlumatına görə, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.
Lakin buna baxmayaraq, paytaxtda demək olar ki, əksər binaların altında belə obyektləri görmək olar. Təhlükəsizlik eksperti Elmar Nurəliyev deyir ki, əgər bina layihələndirilərkən sözügedən obyektlər nəzərdə tutulmayıbsa, qanuni hesab edilmir.
Ekspert bildirib ki, kafe, restoran və ya hər hansı obyekt fəaliyyətə başlamazdan əvvəl bütün yanğın təhlükəsizliyi qaydaları nəzərə alınmalıdır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”na əsasən, binaların zirzəmisində və ya birinci mərtəbəsində sahəsi 250 m2-dən artıq, oturacaq yerlərinin sayı 50-dən çox olan yeməkxana və istirahət müəssisələri, partlayış və yanğın təhlükəli maddə və materiallar satılan mağazalar, tezalışan maddələrlə işləyən məişət xidməti müəssisələri, hamamlar, saunaların fəaliyyəti qadağandır.
Rəsmi iş günü olmadığından məsələyə dövlət qurumlarından münasibət bildirilmədi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


























