Naxçıvanda illərlə formalaşmış “idarəçilik” sisteminin əsas fiqurlarının bu gün də eyni çevrədə təmsil olunması və bir araya gəlməsi ictimaiyyətdə ciddi suallar doğurur.
Vətəninfo.az xəbər verir ki, yayılmış son görüntülər fonunda yaranan əsas sual budur: Görəsən, vəzifələr dəyişsə də, köhnə münasibətlər və bağlılıqlar dəyişməyibmi?
Masanın hər iki tərəfində Seymur Talıbovun dövründə müxtəlif vəzifələrdə təmsil olunmuş və həmin idarəçilik sistemində mühüm rol oynadığı deyilən şəxslərin yer alması diqqətdən yayınmır. Cəmiyyəti düşündürən əsas məqamlardan biri də masada boş qalan yerin məhz kimə görə saxlanılmasıdır.
Həmin şəxslərin keçmiş fəaliyyəti və hazırkı statusu isə bir sıra ictimai araşdırma tələb edən məqamları yenidən gündəmə gətirir:
Seymur Talıbovun yaxın adamı hesab edilən Tapdıq adlı məmur İqtisadiyyat Nazirliyinin rəhbərliyində təmsil olunub, hazırda nazir müavini vəzifəsində çalışır. Onun Seymur Talıbovun dövründəki iqtisadi idarəçiliklə bağlı fəaliyyəti hələ də ictimai müzakirə mövzusudur.
Digər məmur isə Aqibət adlı şəxsdir. Bu gün Aqibət Tapdığın “vergi yığımı” üzrə yaxın kadrı kimi tanınan şəxsdir. Naxçıvandakı sahibkarların, mağaza və şirkət rəhbərlərinin onun fəaliyyəti ilə bağlı dedikləri və yığımların hansı əsaslarla həyata keçirildiyi ayrıca araşdırılmalıdır. Fotoda olan digər şəxsin adı isə Müslümdir. Vaxtıilə Əmlak Komitəsinin sədri olmuş, hazırda İqtisadiyyat Nazirliyində nazir müavini işləyən şəxsdir. Onun rəhbərlik etdiyi dövrdə əmlak məsələləri, söküntülər və mülkiyyət hüquqları ilə bağlı verilən qərarlar, eləcə də Vasif Talıbovun, Rza Talıbovun və Məhərrəm Talıbovun gizlədilmiş əmlakları ilə bağlı iddialar cavab gözləyir. Fotodakı digər şəxs isə Həmbətdir. Seymur Talıbovun bacanağı kimi tanınan və Naxçıvanda gömrük, kargo, “Badamlı” zavodu və strateji kadr məsələlərində adı hallanan “iş adamı”dır. Onun biznes fəaliyyətinin dövlət strukturları ilə hansı prinsiplər əsasında qurulduğu sual doğurur. Fotodakı başqa bir şəxs isə Kamaldır. Bu şəxs sement müəssisəsinin rəhbəridir. Onun yüksək vəzifəli şəxslərlə qohumluq əlaqələrinin biznes fəaliyyətinə hər hansı təsirinin olub-olmaması da maraq doğuran məqamlardandır.
Bütün bu faktlar bir mühüm və acı həqiqəti ortaya qoyur: Naxçıvanda rəhbərlər dəyişib, yoxsa sadəcə vəzifə adları və kabinetlər?
Əgər köhnə idarəçilik dövrünün əsas fiqurları bu gün də müxtəlif mühüm vəzifələrdə təmsil olunmağa, toplantılar keçirməyə davam edirlərsə, cəmiyyətin onların fəaliyyəti ilə bağlı suallar verməyə tam haqqı var. Naxçıvan sakinləri və ictimaiyyəti cavab gözləyir- çünki söhbət şəxsi münasibətlərdən deyil, birbaşa dövlət idarəçiliyindən, sahibkarların hüquqlarından və ictimai maraqlardan gedir.








