“Sən bazarda tuman satanda mən həkim işləyirdim!”
Əslində bu gün Naxçıvanda baş verən kadr dəyişikliklərində təəccüblü heç nə yoxdur. Bütün Naxçıvan yetişmiş “kal armud”un saplaqdan düşəcəyini səbrsizliklə gözləyirdi…
Sabiq səlahiyyətli nümayəndə Fuad Nəcəflinin yartımaz kadr siyasətinin “tərs gələn yumurta”sı kimi ortaya çıxan səhiyyə naziri Samiq Sadıxov nazirliyi alver mərkəzinə çevirməsi ilə yadda qaldı. Çünki, özü də nazir olmamışdan lap əvvəl tuman-köynək alverçisi idi və Naxçıvan Dövlət Universitetini “3”-lə ancaq başa vurmuşdu. Belə adamların isə başına tale quşu təsadüfən, məsələn, Nəcəfli kimi bir “makler” vəzifə başına keçəndə qonur… Maklerləri isə əsasən yaxşı al-ver edən, xadiməni, sürücünü 5-10 min manata işə götürən, tender və dövlət satınalmalarında, texniki təhcizatlarda mənimsəmə ustaları cəlb edir ki, Sadıxov bu mənada işinin ustası idi…
Təsadüfi deyil ki, təkcə 2024-cü ildə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində Hesablama Palatası tərəfindən ciddi nöqsanlar aşkar edilmiş, 50 milyon manata yaxın vəsaitin mənimsənildiyi və təyinatı üzrə xərclənməyərək maliyyə pozuntularına yol verildiyi ortaya çıxarılmışdı. Səhiyyə-sağlamlıq mərkəzlərinə qeyri-ixtisas və bəzi hallarda cinayətkar ünsürlərin rəhbər gətirilməsi, xəstəxanaların təmir xərclərinin həkimlər, dərman təminantının isə xəstələr tərəfindən həyata keçirilməsi, qan laboratoriyalarının özəlləşdirilib satılması, satınalmalarda milyonlarla manat dövlət vəsaitinin oğurlanması, həkimlərə ayrılmış sığorta ödənişlərinin mərkəzləşmiş qaydada mənimsənilməsi, peşəkar və ləyaqətli həkim və tibb personalının şərlənməsi, sıxışdırılaraq sistemdən uzaqlaşdırılması Naxçıvanın səhiyyə idrəetməsi üçün adi hala çevrilmişdi. Və ən əsası isə təcrübəli həkimlərin Naxçıvandan kütləvi qaçırılması bu sahədə ciddi kadr problemlərinə yol açmışdı. Bir faktı deyək ki, son 3 ildə Naxçıvandan kənara doğuş üçün gedənlərin sayında 3 dəfədən çox artım qeydə alınıb. Uşaq və ana ölümləri bir neçə dəfə çoxalıb.
Yerli sakinlər bildirir ki, səhiyyə sisteminə ümumiyyətlə pulsuz işə düzəlmək müşkül məsələdir. Təkcə bu gün- Samiq Sadıxov nazir vəzifəsindən azad edilməmişdən bir neçə saat əvvəl 5 nəfərin Naxçıvan Mərkəzi xəstəxanasına işə qəbul edilməsi ilə bağlı xəstəxananın direktoru Rəşadət Nabatova təzyiq edib. Lakin Sadıxov vəzifəsindən azad edildiyindən əmri məcburi imzalatmağa macal tapmayıb. Və təbii ki, bu təyinatlar da digərləri kimi, əvvəlcədən alınmış pul müqabilində həyata keçiriləcəkdi.
Struktur islahatları isə başqa aləmdi. 2 il əvvəl Naxçıvan Kardioloji Mərkəzinin dağıdılaraq Naxçıvan Mərkəzi Xəstaxanasına-şəraitsiz bir ortama köçürülməsi ilə onlarla ürək xəstəsi ölümə tərk edilmiş, Ağız sağlamlıq mərkəzinin isə adı olsa da özü ortaya çıxmamışdır. Naxçıvan Mərkəzi xəstəxanasının təmiri üçün ayrılmış yüz minlərlə manat vəsait isə mənimsənilərək heç bir təmir işi aparılmamışdır. Rayon və kəndlərdə olan ambulatoriyalar, feldşer – mama məntəqələri də ya lazımi xidmət göstərə bilməmiş, ya da digərlərinə birləşdirilərək kiçik kəndlərdə əhali operativ tibbi xidmətlərdən məhrum edilmişdir.
Rəhbər şəxs işinin peşəkarı olmaqla bərabər, şəxsi nümunə göstərməli, rəhbərlik etdiyi kollektivin hörmətini qazanmalıdır. Sabiq səhiyyə naziri bu göstəricilərinə görə də axırdan birinci yerdə idi. Nə nazirliyin aparatında, nə də həkim və tibb işçiləri arasında nüfuzu olmayan Sadıxov “tuman satan nazir” imici ilə daha çox önə çıxırdı. Təsadüfi deyil ki, bir dəfə Naxçıvan Dövlət Universitetində dərs deməkdən qayıdan Naxçıvanın təcrübəli həkimlərindən biri, Naxçıvan Mərkəzi Xəstəxanasının şöbə müdiri Məhərrəm Tarverdiyevə rişxəndlə “Sən özün nə bilirsən ki, tələbələrə də nə dərs deyəsən?” sualını verib. Həkimin cavabı isə belə olub:
-“Sən bazarda tuman satanda mən həkim işləyirdim!”
Tam da məsələ burasındadır. Qənddandan qənd oğurlayanlar gəlib nazir olanda, həmin qurum, orda çalışan bilikli, təcrübəli adamlar işləyə bilmir, məyus olur, insan sağlamlığı, mənəviyyatı itirilir. Naxçıvanda isə Sadıxov kimi vəzifəyə arxa qapıdan gələn, amalı və məqsədi xalqa xidmət yox, cib və qarın olan adamlar az deyil. Çətindir, amma quyuya atılan daşlar bir-bir min ağıllı tərəfindən çıxarılmalıdır…
P.S. Dövlət öz iradəsini göstərdi, görək hüquq (mühafizə) necə edəcək?!






