Şotlandiya, Uels və Şimali İrlandiya liderləri müstəqillik və öz müqəddəratını təyinetmə hüququ ilə bağlı birgə addım atmağa hazırlaşır.
“The Telegraph”ın məlumatına görə, üç regionun nümayəndələri sentyabrın 14-də Kardiffdə keçiriləcək sammitdə bir araya gələcək və müstəqillik referendumlarının keçirilməsi hüququnu müdafiə edən birgə bəyannamə imzalayacaqlar.
Vətəninfo.az xəbər verir ki, bu görüş Böyük Britaniyanın üç muxtar hissəsinin müstəqillik məsələsi ətrafında ilk dəfə belə genişmiqyaslı əməkdaşlığa getməsi baxımından mühüm hadisə hesab olunur.
Sammit Böyük Britaniyanın Baş naziri Endi Börnemin cəmiyyətdə “aydın fikir birliyi” yaranacağı təqdirdə Şotlandiyanın müstəqilliyi ilə bağlı yeni referendumun keçirilməsini istisna etməməsindən sonra baş tutur.
İştirakçıların imzalayacağı bəyannamədə xalqların öz konstitusion gələcəyini müəyyənləşdirmək və öz müqəddəratını təyin etmək hüququnun təsdiqlənməsi gözlənilir.
Tərəflər, həmçinin iqtisadiyyat, enerji, Avropa ilə münasibətlər və beynəlxalq əməkdaşlıq, eləcə də öz müqəddəratını təyinetmə sahələrində əməkdaşlığı nəzərdə tutan memorandum imzalamağı planlaşdırırlar.
Üç siyasi qurumun rəhbərliyi Avropa İttifaqı ilə daha sıx əlaqələrin tərəfdarıdır. Şotlandiya və Uels bunu müstəqil dövlətlər kimi, Şimali İrlandiya isə İrlandiya Respublikası ilə mümkün birləşmə yolu ilə həyata keçirməyi dəstəkləyir.
Sammit ABŞ Prezidenti Donald Trampın vahid İrlandiyaya müsbət münasibət bildirməsindən iki gün sonra keçirilir. Tramp Dublinə səfəri zamanı Şimali İrlandiyanın İrlandiya Respublikası ilə birləşməsi ehtimalını “gözəl bir şey” adlandırıb.


























