Böyük Britaniyanın daxili təhlükəsizlik xidməti MI5-in rəhbəri Ken Makkallum ölkənin Rusiya, İran və Çin kimi düşmən dövlətlərdən artan təhlükələrlə qarşılaşdığını bildirib. Onun sözlərinə görə, hazırda Britaniya həm dövlət, həm də qeyri-dövlət mənşəli – xüsusilə terrorçu qruplardan – “bənzəri görünməmiş” miqyasda təhdidlərlə üzləşir.
Makkallum MI5-in London qərargahında keçirilən illik çıxışı zamanı qeyd edib ki, bu il ölkəyə qarşı yönəlmiş təhlükələrin sayı və miqyası rekord həddə çatıb. Onun sözlərinə görə, dövlətə təhlükə törətməkdə şübhəli bilinərək nəzarətə götürülən şəxslərin sayı ötən illə müqayisədə 35% artıb.
“2025-ci ildə MI5 həm terrorçulardan, həm də dövlət subyektlərindən bu qədər müxtəlif və böyük sayda təhdidlərlə heç vaxt qarşılaşmayıb”, – deyə Makkallum vurğulayıb.
O bildirib ki, Rusiya və İrandan qaynaqlanan bir sıra “düşmən niyyətli sui-qəsdlər” MI5 tərəfindən ifşa olunub. İranın dəstəklədiyi azı 20 potensial ölümcül sui-qəsd cəhdinin qarşısı alınıb. Rusiya isə, onun sözlərinə görə, Britaniyada sabitliyi pozmağa yönəlmiş təxribatlar həyata keçirməyə çalışır.
Makkallum əlavə edib ki, Çin isə daha çox kibercasusluq, britaniyalı alimlərin Çinə cəlb olunması və demokratik fəalların təqibi kimi üsullardan istifadə edir. İran isə xaricdəki tənqidçilərini susdurmaq üçün “desperat” səylər göstərir. O, Avstraliya və Niderlandın İrana bağlı antisemit sui-qəsd planlarını ifşa etdiyini xatırladıb.
“Biz Avropadakı tərəfdaşlarımızla birlikdə Rusiya hökumətinə işləyən şəxsləri ifşa etməyə davam edəcəyik. Həmçinin, bu əmrləri gizli şəkildə verənləri də izləyəcəyik. Onlar özlərini görünməz və toxunulmaz hesab edə bilərlər, lakin bu, belə deyil”, – deyə MI5 rəhbəri qeyd edib.
Ken Makkallum eyni zamanda “Əl-Qaidə” və “İslam Dövləti” (İŞİD) kimi terror təşkilatlarının da beynəlxalq qeyri-sabitlikdən istifadə edərək yenidən fəallaşmağa çalışdıqlarını bildirib. Onun sözlərinə görə, bu qruplar potensial terrorçuları təhrik etmək üçün yeni üsullara əl atırlar.
Rusiya, İran və Çin tərəfləri isə bu ittihamları qəti şəkildə rədd edir və onları əsassız hesab edir. Lakin Britaniya mediası və rəsmiləri bir sıra son insidentlərə diqqət çəkirlər. Məsələn, altı bolqar vətəndaşının Rusiya xeyrinə casusluq etdiyinə görə həbs edilməsi və Rusiyanın “Vaqner” qrupunun Ukrayna ilə əlaqəli müəssisələrə qarşı sifarişli yanğınlar təşkil etməsi halları qeyd olunur.
Qeyd edək ki, Britaniya son aylarda Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar “Lukoil”, “Rosneft” və 51 Rusiya tankerini əhatə edir. Eyni zamanda, hərbi və sənaye sektorunda fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə də sanksiyalar tətbiq olunub.