Danimarkanın baş naziri Mette Frederiksen çərşənbə axşamı parlamentdə çıxışı zamanı hökumətin 15 yaşından kiçik uşaqlar və yeniyetmələr üçün “bəzi sosial şəbəkələri” qadağan etmək niyyətini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, Frederiksen çıxışında qeyd edib ki, Danimarkada 15 yaşdan kiçik uşaqlar üçün sosial media məhdudiyyətləri olmalıdır, baxmayaraq ki, valideynlər övladlarına 13 yaşından etibarən bu şəbəkələrdən istifadə etməyə icazə verə bilərlər.
“Mobil telefonlar və sosial şəbəkələr uşaqlarımızın uşaqlığını oğurlayır”, – Danimarkanın baş naziri deyib.
O, hansı sosial media platformalarını nəzərdə tutduğunu və qadağanın praktikada necə işləyəcəyini açıqlamayıb.
Sosial media üçün yaş məhdudiyyəti ilə bağlı qanun layihəsi Danimarka hökumətinin növbəti parlament ili üçün qanunvericilik proqramına daxil edilməyib. Bu, 2026-cı il noyabrın 1-dək keçirilməsi planlaşdırılan növbəti seçkilərə qədər onun qəbulu ehtimalını azaldır.


























