Restoran və kafelərdə qida təhlükəsizliyi qaydalarının pozulması müştərilərin sağlamlığı üçün ciddi risk yarada bilər.
Bəs belə müəssisələrdə təqdim olunan qidadan zəhərlənmə baş verdiyi sübuta yetirilərsə, sahibkarı hansı hüquqi məsuliyyət gözləyir və zərərçəkənlər müalicə xərcləri ilə yanaşı, mənəvi zərərə görə də təzminat tələb edə bilərlərmi?
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, keyfiyyətsiz və ya insan sağlamlığı üçün təhlükəli qidaların təqdim olunması hallarına görə həm inzibati, həm də cinayət məsuliyyəti yarana bilər.
Bu pozuntuya görə sahibkar 6 000 manat cərimələnə bilər
Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 220.9-cu maddəsinə əsasən, qida təhlükəsizliyi qanunvericiliyinin pozulması nəticəsində insan sağlamlığına zərər vurulduqda hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək, vəzifəli şəxslər isə 1 500 manatdan 2 000 manatadək cərimə olunurlar:
“Əgər təqdim olunan qida şəxslərin zəhərlənməsinə səbəb olarsa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-cü maddəsinə əsasən cinayət işi başlanıla bilər. Sağlamlığın uzun müddətə pozulması və ya ölüm halları baş verdikdə daha ağır cəzalar nəzərdə tutulur. Hüquq-mühafizə orqanları tərəfindən təqsir müəyyən olunduqda, vətəndaşların çəkdikləri xərclərin və onlara vurulmuş zərərin kompensasiya formasında ödənilməsini tələb etmək hüququ vardır. Belə hallarda məsuliyyətin müəyyənləşdirilməsi üçün zəhərlənmə faktı ilə təqdim olunan qida arasında səbəb əlaqəsinin araşdırılması mühüm əhəmiyyət daşıyır. Bunun üçün tibbi müayinələrin nəticələri, laborator analizlər, qida nümunələri və digər sübutlar nəzərə alına bilər. Zəhərlənmənin məhz həmin müəssisədə təqdim olunan qida ilə əlaqəli olduğu müəyyənləşdirildikdə, sahibkarın məsuliyyəti məsələsinə hüquqi qiymət verilir.
Zərərçəkənlər sağlamlıqlarına dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər. Buraya müalicə və dərman xərcləri, habelə qanunvericiliklə nəzərdə tutulan digər maddi itkilər daxil ola bilər. Bunun üçün çəkilmiş xərcləri təsdiqləyən tibbi sənədlərin, qəbzlərin və digər sübutların saxlanılması vacibdir. Bundan əlavə, zərərçəkən şəxslər qanunvericiliyin tələblərinə uyğun olaraq mənəvi zərərin ödənilməsi barədə də iddia qaldıra bilərlər. Mənəvi təzminatın məbləği isə işin hallarından, sağlamlığa dəymiş zərərin xarakterindən və məhkəmənin qiymətləndirməsindən asılı olaraq müəyyən edilə bilər. Qida təhlükəsizliyi qaydalarına əməl etmək hər bir ictimai iaşə müəssisəsinin əsas öhdəliklərindəndir. Sahibkarlar məhsulların saxlanma şəraitinə, hazırlanma prosesinə, istifadə müddətinə və gigiyena tələblərinə diqqət yetirməlidirlər. Bu qaydaların pozulması yalnız müştərilərin sağlamlığı üçün təhlükə yaratmır, eyni zamanda müəssisə üçün ciddi hüquqi və maliyyə nəticələrinə səbəb ola bilər”.


























