Çin ordusu “Şahed” tipli pilotsuz uçuş aparatlarına bənzəyən ASN-301 adlı yeni baraj dronlarının kütləvi buraxılışını əks etdirən görüntüləri ictimaiyyətə təqdim edib. Business Insider yazır ki, bu kadrlar Çinin bu tip silah sistemlərini ilk dəfə real təlim şəraitində göstərməsi baxımından nadir hadisədir.
Çinin dövlət televiziyası CCTV təlim zamanı 6×6 təkərli iki hərbi maşının üzərində yerləşdirilmiş çoxlu buraxılış konteynerlərini nümayiş etdirib. Hər maşında təxminən 6 dron üçün buraxılış modulu quraşdırılıb. Məlumatda qeyd olunur ki, təlim “yeni dron operatorlarının hazırlığı” məqsədilə keçirilib.
Videoda delta formalı qanada malik ASN-301 dronunun buraxılış anı, sürətlə qalxması və bir neçə saniyə sonra simulyasiya olunmuş hədəfə – ehtimal ki, aerodrom modelinə – dalış edərək partlaması əks olunur.
Mütəxəssislər ASN-301-i İrana məxsus Shahed-136 dronuna bənzətsələr də, onun konstruksiyası və təyinatı baxımından İsrailin “Harpy” baraj dronuna daha yaxın olduğunu bildirirlər. Məlumata görə, Pekin 1990-cı illərdə İsrailin Israel Aerospace Industries şirkətindən “Harpy” sistemlərini alıb və bu sahədə texnologiya ötürülməsi məsələsi sonradan siyasi mübahisələrə səbəb olub.
ASN-301, həmçinin JSW-01 və ya Flying Dragon 300A adı ilə 2017-ci ildən beynəlxalq sərgilərdə təqdim edilir. Çin şirkəti CATIC bildirir ki, bu dron tam avtonom və ya uzaqdan idarə olunan rejimdə uça bilir, 4 saata qədər havada qalma, 24 km məsafədə radio siqnalları skan etmə və 270 km uçuş məsafəsinə malikdir. Maksimal sürəti təxminən 218 km/saat, çəkisi isə 200 kq civarındadır.
Analitiklər hesab edirlər ki, ASN-301 tipli dronlar hava hücumundan müdafiə sistemləri üçün ciddi təhlükə yarada bilər. Bu cür baraj dronları radar sistemlərini müəyyən edib məhv etmə qabiliyyətinə malikdir və onların kütləvi istifadəsi hava hücumundan müdafiəni çətinləşdirir.
Materialda xatırladılır ki, oxşar sistemlər – xüsusilə “Şahed” dronları – Ukraynadakı müharibə zamanı geniş şəkildə istifadə edilib və PVO sistemlərini aşmaq üçün “ucuz, amma çoxsaylı” zərbə vasitəsi kimi sınaqdan çıxarılıb.
CCTV-nin məlumatına görə, təlimlər Çinin Şərq Hərbi Dairəsinin bölmələri tərəfindən həyata keçirilib. Bu dairə əsasən Tayvan istiqamətində fəaliyyət göstərir. Ekspertlər bildirirlər ki, ASN-301-in 270 km-lik uçuş məsafəsi onu materik Çindən havaya qalxdıqda Böyük Taybey bölgəsinə qədər çatdırmağa imkan verir.
ASN-301-in mobilliyi, çoxlu sayda buraxılış imkanı və radio siqnalları aşkarlama funksiyası onu hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılması və sabit hədəflərə zərbə endirilməsi üçün effektiv vasitəyə çevirir.
Müşahidəçilərin fikrincə, bu inkişaf Tayvan və bölgədəki digər ölkələri dron təhlükəsinə qarşı hava müdafiə strategiyalarını yeniləməyə məcbur edəcək. Artıq Tayvan ordusunun yaxın aylarda öz pilotsuz uçuş aparatları parkını genişləndirməyi planlaşdırdığı bildirilir.


























