Çində fəaliyyət göstərən ən böyük yeraltı yevangelist kilsələrdən birinin rəhbəri – Sion Kilsəsinin pastoru Ezra Jin cümə günü saxlanılıb. Həbsin səbəbi kimi xristian liderlərinə qarşı aparılan genişmiqyaslı repressiyalar göstərilir. Vətəninfo.az xəbər verir ki, bu barədə pastorun qızı Qreys Fox News Digital-a məlumat verib.
Bir zamanlar Pekinin ən böyük kilsəsi hesab olunan Sion Kilsəsi dövlət tərəfindən qeydiyyata alınmadığı üçün qeyri-qanuni hesab olunur. Qreysin təqdim etdiyi sənədlərə əsasən, Ezra Jinin həbsi təkcə onunla məhdudlaşmayıb – Pekin, Şençjen, Şanxay, Çenqdu, Beihai, Jiaxing və Huangdao şəhərlərində ümumilikdə 30-a yaxın pastor və Sion Kilsəsinin əməkdaşı da ya həbs olunub, ya da itkin düşüb.
Associated Press-in məlumatına görə, cümə günü Pekinlə yanaşı, Çinin ən azı beş əyalətində onlarla digər kilsə rəhbəri də saxlanılıb.
Pastorun qızı bildirib ki, həbs edilən şəxslərin qapılarında əvvəldən nəzarətçilər olub və onlar bir-bir aparılıb. Qreysin sözlərinə görə, atasının həbsi ilə bağlı yalnız ona həbs orderi göstərilib, digər saxlanılanlara heç bir rəsmi sənəd təqdim olunmayıb.
Ezra Jin 2018-ci ildən etibarən nəzarət altında saxlanılır və ona səyahət qadağası tətbiq olunub. Bu səbəbdən o, ABŞ vətəndaşı olan övladları ilə altı ildən çoxdur görüşə bilmir.