Bu ilin noyabr ayında respublikamızda keçirilməsi nəzərdə tutulan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a həsr olunmuş tədbirlər seriyası davam edir. Bütün dünya ictimaiyyətinin diqqət mərkəzində olan bu mötəbər tədbirlə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentiliyinin nəznində fəaliyyət göstərən “Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutu”nun, Azərbaycan Milli Su Partnyorluğunun (CWP Azerbaijan), Türkiyə Respublikasının “Təməlsu” Beynəlxalq Mühəndislik və Müşavirlik A.Ş. və “Safsu Ekoloji-Meliorativ Monitorinq Mərkəzi” İctimai Birliyinin birgə təşkaltçılığı ilə oktyabr ayının 25-də “COP 29: İqlim dəyişiklikləri və su ehtiyatlarının inteqrasiyalı idarəedilməsi” mövzusunda konfrans keçirilmişdir.
Konfransda Azərbaycan Dövlət Su Ehtiyatları Agentiliyinin və onun tabeçiliyində fəliyyət göstərən elmi-tədqiqat və layihə institutlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun, Bakı Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Qeyri-hökumət təşkilatlarının və digər aidiyyəti təşkilatların mütəxəssisləri iştirak etmişlər.
Konfransı giriş sözü ilə açan “Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutu” PHŞ-in İdarə Heyətinin sədri Elbrus Paşayev iştirakçıları salamlayaraq konfransın işinə uğurlar arzulamışdır.
Konfransda Azərbaycan Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun professoru Rza Mahmudov “Azərbaycanın regionalları üzrə iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Vəfa Məmmədova “İqlim dəyişikləri və ekoloji problemlər”, Türkiyə Respublikasının “Temelsu” Beynəlxalq mühəndislik xidmətləri A.Ş-nin Azərbaycan üzrə layihə rəhbəri Fatih Keskin “İşğaldan azad olunmuş ərazilərdə çayların axın məlumatlarının hidroloji və hidravliki model üsulları ilə bərpa edilməsi”, “Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu”nun şöbə müdiri Rəşail İsmayılov “Su ehtiyatlarının inteqrasiyali idarə olunmasının elmi əsasları”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdirinin müavini Rafiq Verdiyev “Milli Su Strategiyasının su ehtiyatlarının inteqrasiyalı idarə edilməsində rolu”, “Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutu”nun Baş mühəndisi, Azərbaycan Milli Su Partnyorluğunun sədri Məmməd Əsədov “Azərbaycanın su təhlükəsizliyinin təmin edilməsində su təsərrüfatının rolu” mövzularında məruzə ilə çıxış etmiş, konfrans nümayəndələrinin maraqlandıran sualları cavablandırmışlar.
Konfransda diqqəti çəkən maraqlı məqamlardan biri də Bakı Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin və ölkənin digər ali təhsil müəssisələrində təhsil alan tələbələrin Azərbaycanın su təhlükəsizliyinin təmin olunması, su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsinə maraqlarının daha da artırılması məqsədilə onların su sahəsində hazırladıqları layihələrin təqdimatına imkan yaradılması və daha maraqlı layihələr təqdim edən magistr və bakalavrların konfransın təşkilatçıları tərəfindən mükafatlandırılmasının qərara alınması olmuşdur.