Böyük Britaniyaya məxsus F-35B Lightning tipli döyüş təyyarəsi Yaponiyada texniki nasazlıq səbəbilə təcili eniş etməyə məcbur qalıb. Bu, son həftələrdə baş verən ikinci oxşar hadisədir.
Yaponiyanın Müdafiə Nazirliyinin məlumatına görə, 88 milyon funt sterlinq dəyərində olan bu yüksək texnologiyalı təyyarə 11 avqust tarixində yerli vaxtla saat 11:30-da Kaqosima Beynəlxalq Hava Limanına təcili eniş edib.
Təyyarə hazırda Hind-Sakit okean regionunda yerləşən Böyük Britaniya Aviasiya Zərbə Qüvvələrinin (UKCSG) tərkibində xidmət göstərən HMS Prince of Wales təyyarədaşıyan gəmisindən havaya qalxmışdı.
Britaniyanın Müdafiə Nazirliyi insidentlə bağlı açıqlamasında bildirib ki, qırıcıda mühəndislik problemi aşkarlanıb və təmir və texniki yoxlamalar aparılır. Məqsəd təyyarənin mümkün qədər tez zərbə qüvvələrinə geri qaytarılmasıdır.
Yaponiyanın dövlət televiziyası NHK təyyarənin zolağa yaxın ərazidə dayanaraq yoxlamadan keçdiyini göstərən görüntülər yayıb. Bildirilir ki, təyyarədə gözlə görünən zərər müşahidə olunmayıb.
Hadisə nəticəsində Kaqosima hava limanının uçuş-enmə zolağı təxminən 20 dəqiqəlik bağlanıb.
Qeyd edək ki, bu, son ayda yaşanan ikinci oxşar insidentdir. 14 iyun tarixində digər bir F-35B təyyarəsi Hind okeanı üzərində pis hava şəraitinə düşərək Hindistanın Kerala ştatındakı Thiruvananthapuram hava limanına məcburi eniş etmişdi. Həmin təyyarədəki hidravlik nasazlıq səbəbindən təyyarə bir aydan artıq müddətdə orada qalmışdı.
F-35B modeli ABŞ-ın Lockheed Martin şirkəti tərəfindən istehsal edilən və vertikal qalxma və enmə qabiliyyəti ilə seçilən beşinci nəsil qırıcıdır. Bu xüsusiyyət onu təyyarədaşıyan gəmilər üçün əlverişli edir.
Bununla belə, F-35 proqramı bir sıra etibarlılıq və texniki problemlərlə gündəmdə qalır. 2024-cü ildə Pentaqonun dərc etdiyi məxfi sənəddə qeyd olunub ki, ABŞ-ın F-35 donanmasının ümumi etibarlılığı və istifadə səviyyəsi gözləntilərin altındadır.
Hazırda Böyük Britaniya Hərbi Dəniz Qüvvələri və Kral Hərbi Hava Qüvvələri 37 ədəd F-35B təyyarəsini birgə idarə edir. 2025-ci ilin sonunadək bu sayın 47-yə çatdırılması planlaşdırılır.
İyunda isə Britaniya hökuməti nüvə silahı daşımaq qabiliyyətinə malik ən azı 12 ədəd F-35A modelinin alınacağını elan etmişdi.
Xatırladaq ki, 2021-ci ilin noyabrında bir F-35B təyyarəsi Aralıq dənizində yerləşən HMS Queen Elizabeth gəmisindən havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğramışdı.
Hazırda UKCSG-yə daxil olan HMS Prince of Wales təyyarədaşıyan gəmisi və onu müşayiət edən digər hərbi gəmilər Yaponiya Özünümüdafiə Qüvvələri və ABŞ ordusu ilə birgə “Operation Highmast” təlimlərində iştirak edir. Təlimlərin 12 avqust tarixinədək davam edəcəyi gözlənilir.
Bu əməliyyat Böyük Britaniyanın Hind-Sakit okean regionunda təhlükəsizlik öhdəliklərinə sadiqliyini və müttəfiqlərlə birgə fəaliyyət qabiliyyətini nümayiş etdirmək məqsədi daşıyır.