Politoloq Elxan Şahinoğlu Vətəninfo.az-a açıqlamasında bildirib ki, Azərbaycanın Qazaxıstan və Rusiya taxılının Ermənistana tranzitinə icazə verməsi erməni müxalifətini çaşdırıb. Onun sözlərinə görə, erməni radikallar bu tranzitə açıq şəkildə qarşı çıxmırlar, çünki uzun illər boyu “Azərbaycan Ermənistanı blokada altında saxlayır” deyə bəyanatlar vermişdilər və bu məntiqə zidd olardı.
Elxan Şahinoğlu əlavə edib ki, Ermənistan əslində öz ehtiyacını digər marşrutlardan təmin edir, üstəlik, Azərbaycanın işğal altındakı ərazilərindən də İrəvana taxıl daşınırdı. İndi isə Rusiya və Qazaxıstan Azərbaycanın nəqliyyat imkanlarından istifadə edərək Ermənistana daha qısa yolla taxıl nəql edə bilir.
Politoloq qeyd edib ki, erməni radikallar bu tranziti şübhə altına almaq üçün yeni “bəhanələr” irəli sürüblər. Onların iddiasına görə, Azərbaycan üzərindən taxıl tranziti Ermənistan üçün baha başa gələcək, çünki Gürcüstana da ödəmək lazım gələcək. Lakin Şahinoğlu vurğulayıb ki, Zəngəzur dəhlizi bərpa olunduqda, Gürcüstan marşrutuna ehtiyac qalmayacaq və taxıl birbaşa Azərbaycan üzərindən Ermənistana çatdırılacaq.
Radikalların digər arqumenti isə alınan taxılın qida üçün yararsız, yalnız heyvan yemi olmasıdır. Politoloq bildirib ki, bu iddialar yalnız Paşinyan hökumətini hədəf almır, eyni zamanda Qazaxıstanı da aşağılayır, çünki yüksək keyfiyyətli Qazaxıstan taxılından un məhsulları hazırlanacaq.
Qeyd edək ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycandan tranzitlə ölkəyə gətirilən Qazaxıstan buğdasından hazırlanan çörəyi ilk dadmağa hazır olduğunu açıqlayıb.


























