Ermənistanın Milli Təhlükəsizlik Xidməti azərbaycanlı çobanın Tavuş rayonunda tapıldığını açıqlayıb.
Oktyabrın 19-da saat 17:50 radələrində Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Yaşar Əli oğlu Qasımov Ermənistanın Tavuş rayonunda aşkarlanıb.
Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Araşdırma zamanı Azərbaycan vətəndaşının ərazidə yolunu azaraq Ermənistan tərəfinə keçdiyi müəyyən edilib.
Ermənistan MTX Qasımovun Azərbaycana qaytarılması üçün müvafiq tədbirlərin görüldüyünü bildirib.
Bundan əvvəl Ermənistanda fəaliyyət göstərən “NewsTV5” azərbaycanlı çobanın şərti sərhədi keçərək Ermənistan ərazisinə daxil olduğunu iddia edib. Məlumata görə, çoban Berd şəhərinin hərbi polisində saxlanılıb.
Telekanalın məlumatında onun Aygedzor istiqamətindən keçdiyi, hadisə zamanı ərazidə dumanlı və yağışlı hava şəraitinin olduğu bildirilib.
Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı hələlik açıqlama verməyib. Yerli icma rəhbərlərindən biri də hadisə barədə məlumat eşitdiyini, lakin təfərrüatları dəqiq bilmədiyini bildirib.
Azərbaycan tərəfi isə hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, “NewsTV5” Ermənistanın “Channel 5” telekanalına bağlı media qurumudur. Telekanalın sahibi Armen Tavadyanın Robert Köçəryanla yaxın münasibətlərinin olduğu bildirilir. Tavadyan 1993–2005-ci illərdə Moskvada qondarma “Dağlıq Qarabağ nümayəndəliyi”nə rəhbərlik edib.


























