image-f213da64-ca6a-4ec2-ae70-579ce53a43d5backend

Etibarlı əməkdaşlığın obyektiv əsasları

image-reklam_sirab_01

Dekabrayının 14-də Türkmənistanda Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının  Birinci Üçtərəfli Zirvə Görüşü keçirilib. Zirvə Görüşündən əvvəl Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə, sonra isə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşləri olub.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun məhdud tərkibdə görüşü keçirilib. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Üç ölkə rəhbəri arasında keçirilən geniş tərkibli görüşdə bir sıra mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib və Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb. Görüşdə çıxış edən Prezident İlham Əliyev üç dost və qardaş ölkələri maraqlandıran məsələlərdən danışıb. Qeyd edilib ki, Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.

Bu gün Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzalanan Şuşa Bəyannaməsi iki dövlət arasında münasibətləristrateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır.

Hazırda ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edirlər.

Bildirilib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır.

Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, artıq Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaqdır. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaqdır.

Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur. Azərbayan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir. Həmçinin bildirilib ki, Azərbaycan 18 yük təyyarəsi ilə regionda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur. Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. İşğaldan azad olunmuş Laçında ölkəmizin sayca 9-cu   beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub.

Bütün bunlar Azərbaycanın beynəlxalq yükdaşıma və logistika sahəsində regionda aparıcı dövlət olmasını bir daha sübut edir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki