Fransa sentyabr ayında Fələstin Dövlətini rəsmən tanıyacaq və belə bir qərar qəbul edən ilk G7 ölkəsi olacaq. Vətəninfo.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron X-də yazıb.
O qeyd edib ki, bu barədə rəsmi açıqlama BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək sessiyasında veriləcək.
“Qərar verdim ki, Fransa Yaxın Şərqdə ədalətli və davamlı sülhə dair tarixi öhdəliyinə uyğun olaraq Fələstin Dövlətini tanıyacaq. Bu mühüm açıqlamanı gələn sentyabrda BMT Baş Assambleyası qarşısında verəcəyəm. Bu gün təcili prioritet Qəzzada müharibəni dayandırmaq və mülki əhalinin vəziyyətini yüngülləşdirməkdir. Sülh mümkündür”, – Makron yazıb.
O, əlavə edib ki, dərhal atəşkəs, bütün girovların azad edilməsi və Qəzza xalqına geniş miqyaslı humanitar yardım, həmçinin HƏMAS-ın demilitarizasiyası və Qəzzanın yenidən qurulması lazımdır.
“Və nəhayət, biz Fələstin Dövlətini qurmalı, onun həyat qabiliyyətinə zəmanət verməliyik və əmin olmalıyıq ki, onun demilitarizasiyasını qəbul edərək və İsraili tam tanımaqla regiondakı hər kəsin təhlükəsizliyinə töhfə verəcək. Alternativ yoxdur”, – Fransa prezidenti əlavə edib.
Makron yazısına Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbasa ünvanladığı qərarını təsdiq edən məktubu əlavə edib.
Fələstin Muxtariyyətinin vitse-prezidenti Hüseyn əl-Şeyx Fransa prezidentinin bəyanatını alqışlayıb.
“Bu mövqe Fransanın beynəlxalq hüquqa sadiqliyini və Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu və müstəqil dövlətimizin yaradılmasını dəstəklədiyini əks etdirir”, – o, AFP xəbər agentliyindən sitat gətirib.
Həmas da bu qərarın “düzgün istiqamətdə atılmış müsbət addım” olduğunu bildirib.
Fələstin Dövləti hazırda BMT-yə üzv olan 193 ölkədən 140-dan çoxu tərəfindən tanınır. Bunlara İspaniya və İrlandiya da daxil olmaqla bir sıra Avropa İttifaqı ölkələri daxildir.
Ermənistan Fələstin Dövlətini 2024-cü ilin iyununda rəsmən tanıyıb.