Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə ölkədə könüllü hərbi xidmətin tətbiqini elan edə bilər. Le Figaro xəbər verir ki, bu addım Avropada təhlükəsizlik risklərinin artması fonunda atılır. Makron planı rəsmi şəkildə noyabrın 27-də təqdim etməyi nəzərdə tutur.
Prezident G20 sammiti çərçivəsində çıxışında bildirib: “Fransa güclü orduya malik olmalı və təhlükəsizlik sahəsində möhkəm dayanmalıdır.”
Məlumata görə, plan bir neçə aydır hazırlanır və il ərzində 10–50 min könüllünün cəlb olunması nəzərdə tutulur. Xidmət müddəti 10 ay təşkil edəcək və iştirakçılara hər ay bir neçə yüz avro məbləğində ödəniş veriləcək. Makron bu reformanın vacibliyini Avropanın “Rusiya tərəfindən davamlı təhlükə” ilə üzləşməsi ilə izah edib və bildirib ki, dövlət hər zaman sürətlə səfərbərlik edə bilməlidir.
Fransa təkcə deyil – Avropa İttifaqının digər ölkələri də hərbi xidmət sahəsində dəyişikliklər edir. Məsələn, Almaniyada yeni seçim modeli tətbiq olunacaq:
Bütün 18 yaşlı vətəndaşlara motivasiya və uyğunluq qiymətləndirməsi üçün anket təqdim olunacaq;
2008-ci il və sonrakı doğumlu gənclər tibbi müayinədən keçəcək;
Xidmət könüllü olacaq, lakin könüllülərin yetərsizliyi halında “zərurət əsasında hərbi xidmət” tətbiq edilə bilər və namizədlər lotereya ilə seçiləcək.
Fransada bu təşəbbüs barədə səsvermə dekabr ayında keçiriləcək.
Qeyd edək ki, Avropa ölkələri hərbi qüvvələrin, texnikanın və digər müdafiə vasitələrinin sürətli hərəkətini təmin etmək üçün hazırlıqları gücləndirir. Avropada əvvəllər belə hazırlıq uzun müddət tələb edirdisə, hazırda bu müddət xeyli qısaldılıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov hesab edir ki, Rusiya müvafiq hərbi əməliyyatları uzun müddətdir planlaşdırsa da, bu yalnız Ukraynaya qarşı müharibədən sonra reallaşa bilər.


























