Rusiya NATO ölkəsinə hücum edəcəyi təqdirdə, Kalininqrad və Sevastopoldakı bütün hərbi obyektlər ilk saatlarda məhv ediləcək. Bu barədə ABŞ-ın Avropadakı keçmiş quru qoşunları komandanı, general Ben Xodjes “Вот так” layihəsinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Rusiya ilə NATO arasında mümkün qarşıdurma Ukraynadakı müharibəyə bənzəməzdi.
“Əgər Rusiya 2025-ci ildə Polşaya Ukraynaya hücum etdiyi kimi hücum etsəydi, NATO-nun Hərbi-Hava Qüvvələri və quru qoşunları tərəfindən dərhal məhv edilərdi. Əminliklə demək olar ki, Kalininqrad ilk saatlarda yox ediləcəkdi. Oradakı bütün hərbi obyektlər sıradan çıxarılacaqdı. Sevastopoldakı istənilən rus hərbi obyektləri də eyni aqibəti yaşayardı. Bu səbəbdən birbaşa müqayisələr etmək doğru deyil,” – deyə Xodjes vurğulayıb.
General həmçinin qeyd edib ki, 2014-cü ildə müharibə başlayanda Avropa, ABŞ və Kanada Ukraynanı dəstəkləsə də, bir çox ölkə hələ də Rusiya qaz və neftindən asılı idi.
“O dövrdə insanlar deyirdi ki, vəziyyəti dramatikləşdirməyin, Rusiya nüvə silahına malik ciddi dövlətdir. Biz 2014-cü ildə Rusiyanın təcavüzünün cəzasız qalmayacağını aydın şəkildə ifadə edə bilmədik. Hətta Minsk razılaşmaları da nəticəsiz qaldı. Sanksiyalar Rusiyanın davranışını dəyişməyə kifayət etmədi – Moskva bu tədbirlərə hörmət etmirdi”, – deyə o əlavə edib.
Xodjes həmçinin bildirib ki, əgər NATO ölkələri daha hazırlıqlı olsaydı və müharibənin ilk günlərindən Rusiyaya açıq şəkildə Ukraynaya lazım olan bütün dəstəyi verəcəklərini bəyan etsəydilər, vəziyyət tamamilə fərqli olardı:
“Əgər bu bizim aydın məqsədimiz olsaydı, Ukraynanın bugünkü vəziyyəti başqa cür olardı. Amma bunun əvəzinə illərlə ‘Bəs Rusiya nüvə silahı işlətsə?’ və ya ‘Görəsən danışıq aparmalıyıqmı?’ kimi suallarla zaman itirdik”, – deyə general vurğulayıb.
Qeyd edək ki, daha əvvəl NATO baş katibi Mark Ryutte də Rusiya ilə NATO arasında mümkün münaqişənin Ukrayna ilə Rusiya arasında gedən müharibədən tamamilə fərqli olacağını qeyd etmişdi.
ISW analitiklərinin fikrincə, Rusiya NATO ilə müharibəyə hazırlığın “sıfır fazası”na başlayıb. Onlar Estoniya sərhədində “yaşıl adamlar”ın müşahidə olunmasını gələcək hərbi qarşıdurma üçün informasiya-psixoloji zəminin yaradılması kimi qiymətləndiriblər.