image-1backend

Gizlicə nüvə savaşına hazırlaşdıqları üzə çıxdı – Anlaşma pozulur

image-reklam_sirab_01

“Nyu-York Tayms” nəşri ABŞ kəşfiyyatına istinadla Çinin şimalındakı səhralıqda böyük şaxtalar inşa etdiyini yazır. Vaşinqton bu qənaətə gəlib ki, Pekin bölgədə nüvə sınağı keçirməyə hazırlaşır. Çünki Çin 1964-cü ildə məhz həmin ərazidə ilk nüvə bombasını sınaqdan keçirmişdi.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri hesab edirlər ki, ABŞ Çinin nüvə gücünü artırmasından narahatdır:

“Bir qisim ekspertin fikrincə, Çin ilk olaraq Nüvə sınaqlarının qadağan edilməsi haqqında Müqavilədən çıxmayacaq. Çünki nüvə sınağının keçirilməsi həmin dövlətin müqavilənin şərtini pozması demək olacaq. Buna baxmayaraq, Çin nüvə silahlarının istehsalında ABŞ-dan geri qalmaq istəmir. Digər tərəfdən, Çin nüvə istehsalını artırmaqla yanaşı, onların gücünü yoxlamaq barədə də düşünə bilər. Vaşinqton yeni şaxtaların tikintisini məhz bununla əlaqələndirir. Şaxtalarda keçirilən nüvə sınağı zərərli maddələrin ətrafa yayılmasının qarşısını alır.

Rusiya və ABŞ də öz ərazilərində nüvə poliqonları inşa edir. Çin belə fəaliyyətlərini daha da genişləndirib. Əslində Pekin keçmiş illərdə dünyada nüvə silahlarının azaldılmasının tərəfdarı idi. Ancaq ABŞ Çinin bu istəyini qəbul etmədikdən sonra Pekin nüvə silahlarının artırılması siyasətinə üstünlük verib. Pekində hesab edirlər ki, yaxın illərdə nüvə müqaviləsindən çıxmaq istəyən dövlətlər ola bilər. ABŞ sonuncu nüvə sınağını 1992-ci ildə, Rusiya 1991-ci ildə, Çin isə müqaviləyə qoşulduğu 1996-cı ildə keçirib. ABŞ müqavilənin ratifikasiyasını uzatdığına görə Çin də müqaviləni ratifikasiya etməyə tələsmədi”.

Təhlildə vurğulanır ki, beynəlxalq aləmdə baş verən gərginlik, o cümlədən Rusiya-ABŞ və Çin-ABŞ münasibətlərinin gərginliyi fonunda nüvə müqaviləsi ətrafında polemikalar artıb:

“Hər hansı dövlət nüvə sınağı keçirərsə, bu, müqavilənin məhvinə gətirib çıxaracaq. Çünki bundan sonra digər dövlətlər də nüvə sınaqlarına başlayacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki