Naxçıvan Muxtar Respublikası son 3 il ərzində elə idarə olunub ki, bəzən camaat avtoritarlığına görə “xan” adlandırdıqları Vasif Talıbovun dövrü üçün darıxır. Keçmiş səlahiyyətli nümayəndə Fuad Nəcəflinin yarıtmaz idarəçiliyi bütün sahələrə təsir etdiyi kimi, televiziyaya və ümumilikdə media sektoruna da ciddi zərbə vurub.
Vətəninfo.az xəbər verir ki,bu haqda geniş məqaləni jurnalist Sima Babayeva paylaşıb.
Məqalənin maraqlı olduğunu nəzərə alaraq oxuculara təqdim edirik:
100 ilə yaxın tarixi olan Naxçıvan Televiziya və Radiosu həmişə ənənəsi olan, oturuşmuş bir kollektivə sahib olub. Lakin Fuad Nəcəfli Naxçıvan Televiziyasının əməkdaşlarını heçə sayaraq müxtəlif eksperimentlər aparır, lazımi işləri görmədiyi halda kanaldan özünün piarını tələb edir, efirə çıxan rəhbər şəxslərə belə müdaxilə edirdi. Gündəlik çəkilişlər yalnız onun tapşırığı ilə mətbuat katibi Günay Malikqızı tərəfindən yaradılan “Smart media tətbiqi” vasitəsilə onlayn icazə verildikdən sonra həyata keçirilirdi.
Bu üsulla televiziya və digər dövlət qurumları Günay Malikqızına, dolayı yolla isə Fuad Nəcəfliyə asılı hala salınmış, qurumlara əlavə təsir mexanizmi formalaşdırılmışdı.
Bakıdan Naxçıvana transfer edilən İlhamə Novruzova isə 200-dən çox əməkdaşı olan Naxçıvan Televiziyasının günü-gündən geriləməsinin, idarəolunmaz vəziyyətə düşməsinin əsas səbəblərindən biri oldu. Hazırda Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində sədr əvəzi olan, Fuad Nəcəflinin “göz-bəbəyi” adlandırılan İlhamə Novruzova əvvəl “Xəbərlər”in rəhbəri, sonra sədr müavini idi. İndi isə sədr vəzifəsi ona həvalə edilib.
İlk baxışdan bu, adi struktur dəyişikliyi kimi görünə bilər. Lakin hər bir təyinat işlərin inkişafına yönəlməli, kollektivin və regionun yerli xüsusiyyətləri nəzərə alınmalıdır. Bu amillər nəzərə alınmadığından son 4–5 ayda Naxçıvan Televiziyasının efir vaxtı iki saat azaldılıb, veriliş və proqramların keyfiyyəti və həcmi aşağı düşüb, texniki imkanlar zəifləyib, peyk yayımında olan telekanal əvvəl əldə etdiyi müsbət imici itirib. Hazırda kanalda ətalət hökm sürür, yeni veriliş və layihələr demək olar ki, hazırlanmır, efir köhnə arxiv materialları ilə doldurulur.
Bir neçə aydır ki, Naxçıvan Televiziyasının əməkdaşları İlhamə Novruzovanın idarəçiliyinə etiraz edir, yuxarı orqanlara dəfələrlə şikayətlər göndərirlər. Şəxsi qərəz və intriga ustası olan Novruzovanın hərəkətləri səbəbindən bir çox əməkdaş işdən çıxmağa məcbur qalıb. İllərlə vicdanla işləyən kadrlar indi bir şəxsin kaprizinə görə işlərini atıb başqa sahədə qazanc axtarmağa məcburdurlar.
Şikayətçilərin bildirdiyinə görə, o, televiziyanın bufetində oturub əməkdaşların söhbətlərinə qulaq asır, onların danışığına müdaxilə edərək dava-dalaş salır, işçilərin geyimini müzakirə edir, hər kəsə öz mülahizəsinə uyğun ləqəb qoyur, yerli kadrları təhqir edir. Hələ Xəbərlər Departamentinin rəhbəri olduğu dövrdən bu davranışları işçiləri bezdirirdi. Birinə “əxlaqsız”, birinə “küçə qızı” kimi təhqiramiz ifadələr işlədir, hər gün dava-dalaş salırdı. Sonda əməkdaşların hamısı işdən çıxmaq ərizəsi ilə sabiq sədr Sahil Tahirlinin qəbuluna gedib. O isə işçilərin haqlı olduğunu görüb İlhamə Novruzovaya xəbərdarlıq etmiş, onu ümumi idarəetmə və redaksiyaların fəaliyyətindən uzaqlaşdırmışdı.
Əməkdaşların sözlərinə görə, Fuad Nəcəfli tərəfindən onun sözçüsü Günay Nəzərovanın vasitəsilə televiziyanın fəaliyyətinə qanunsuz müdaxilələr edildiyi üçün sabiq sədr Sahil Tahirli öz ərizəsi ilə işdən ayrılmağa qərar verib.
Sahil Tahirli getdikdən sonra “sehrli əllər” İlhamə Novruzovanı rəhbərliyə gətirdi və bundan sonra onun “qılıncı” həm qabaqdan, həm arxadan kəsdi. Əvvəlki rəhbərlik dövründə özünü doğruldan əməkdaşların hər birindən qisas almağa başladı. Bir gündə 20–25 nəfərdən səbəbsiz izahat tələb edir, tapşırıq verib sonra dediyini danır, qeyri-adekvat davranışları ilə kollektivi bezdirir. Özünə yaxın şəxslərə isə tam fərqli münasibət göstərir. Xüsusilə də prodüser kimi yerləşdirdiyi, ali təhsili belə olmayan “yarımçıq” işləri ilə tanınan Elşən adlı şəxsi xüsusi himayə edir.
İlhamə Novruzovanın ən böyük biabırçılığı isə Zəfər Günündə baş verib. Həmin gün 19:00 xəbər buraxılışında Türkiyə Xarici İşlər Nazirliyinin Azərbaycan xalqına təbriki səslənərkən ekranda erməni əlifbası ilə yazılar verilib. Televiziyanın altını üstünə çevirən, iş vaxtını həyətində it-pişiyə sərf edən, əməkdaşları gərginlikdə saxlayan bir rəhbərin olduğu şəraitdə belə səhvlərin baş verməsi qaçılmaz idi.
Kanalda təşkilati vəziyyət də acınacaqlıdır: yanacaq çatışmazlığından çəkiliş maşınları işə çıxa bilmir, istilik sistemi işləmir, ezamiyyə xərcləri verilmir, qonorar düzgün bölünmür, əməkhaqqı gecikdirilir, studiya işləri ləngiyir və s. Hətta bir ay əvvəl ştat olmadığı halda İlhamə Novruzova bir neçə nəfəri qanunsuz şəkildə işə götürüb və kadrlar şöbəsini onları ƏMAS-da qeydiyyata almağa məcbur edib. Buna etiraz edən Xədicə Kərimovadan əsassız izahat tələb olunub. Əməkdaşlar isə məcbur qalıb Ali Məclisə şikayət ediblər.
İşçilər bildirirlər ki, dəfələrlə Fuad Nəcəflinin qəbuluna gedib maaşlarının aşağı olmasından, 5–10 manatlıq qonorara möhtac vəziyyətə salınmalarından, İlhamə Novruzovanın qeyri-adekvat davranışlarından şikayət etmək istəyiblər, lakin onları dinləyən olmayıb. Üstəlik, əməkdaşlar Günay Nəzərova tərəfindən borclu çıxarılıblar. Onun iş üslubu da İlhamə Novruzovanın davranışlarından heç fərqlənmir. İlhamə Novruzovanı müdafiə etməsinin səbəblərindən biri isə həyat yoldaşı Bəhruz Nəzərovun rəhbəri olduğu Naxçıvan Təlim Mərkəzində İlhamə xanımın “pulsuz” təlimlər keçməsidir — yəni pərdəarxası işbirlikləri.
Kanalın əməkdaşları deyir ki, tədbirlərə öz dost-tanışını yığıb bunu sosial şəbəkədə fəxrlə paylaşan, İtaliyada dəbdəbəli ad günü keçirən, idarəçilik təcrübəsi olmayan birindən yardım gözləmək sadəlöhvlükdür.
“İnanırıq ki, dövlətimiz səsimizi eşidəcək, zəngin ənənələri olan Naxçıvan televiziyasını Fuad Nəcəfli idarəçiliyinin saldığı bataqlıqdan çıxaracaqlar”, – deyə bizə müraciət edən TV əməkdaşları bildirirlər.
Beləliklə, Naxçıvanın informasiya mühiti əsasən Fuad Nəcəflinin iki “qiymətli” kadrının ixtiyarında qalıb. Biz mövcud vəziyyəti yazdıq, söz və əməl artıq əlaqədar qurumların öhdəsinə düşür.


























