image-16968609156384963356_1200x630backend

Gürcüstan əsas vasitəçi rolunda

image-reklam_sirab_01

Oktyabrın 5-də Qranada görüşünə qatılmaqdan imtina edən Prezident İlham Əliyev Gürcüstana sayca 11-ci səfərini reallaşdırdı. Səfərlərin intensivliyi öz-özlüyündə iki ölkə arasında münasibətlərin strateji xarakterinin göstəricisidir. Bu görüşlər ölkələrimizin bir-birinə daha yaxın olması və daha sıx əməkdaşlıq etməsinə, xalqlarımız arasında dostluq əlaqələrinin gücləndirilməsinə xidmət edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

Azərbaycan ilə Gürcüstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin uzun və səmərəli tarixə malik olduğunu deyən deputat bildirib: “Əsrlərlə bir coğrafiyada – Cənubi Qafqazda yaşayan Azərbaycan və Gürcüstan xalqları üçün mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri təbiidir. Hələ sovet dönəmində Azərbaycanda Heydər Əliyevin, Gürcüstanda isə Eduard Şevardnadzenin rəhbərlik etdiyi illərdə bu münasibətlər ən yüksək səviyyədə qurulmuşdu. Bu iki parlaq şəxsiyyət müstəqillik dövründə də öz istedadı və cəsarəti ilə öz xalqlarına əvəzsiz xidmətlər göstəriblər. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Azərbaycan və Gürcüstan inkişaf etməyə başlamışdır. Müstəqilliyimizi bərpa etdikdən sonra keçən 30 il müddətində də ölkələrimiz daim bir biri ilə qarşılıqlı faydalı əməkdaşlıq edib. Bu əməkdaşlıq iqtisadi, mədəni-humanitar sahələrdən tutmuş siyasi, hərbi əməkdaşlığa qədər geniş diapazonda daim inkişaf etdirilib. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın milli maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstəkləyib”.

Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan C.Feyziyev müstəqilliyin ilk illərində digər qonşu dövlət olan Ermənistanın xarici qüvvələrin dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etmək həvəsinə düşsə də. Azərbaycan və Gürcüstanın müstəqil dövlət quruculuğunda bir-birini dəstəkləmək yolunu seçdiklərini diqqətə çatdırıb. “Odur ki, hər iki dövlət özlərinin müstəqilliyini möhkəmləndirə və dünya siyasi-iqtisadi sisteminə uğurlu şəkildə inteqrasiya edə bildilər. Bu gün Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Birgə həyata keçirilən enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir. Hər iki dövlət qlobal və regional əhəmiyyətli layihələrdə birlikdə iştirak edirlər”, – deyə o vurğulayıb.

Deputat Prezident İlham Əliyev Gürcüstan Baş naziri ilə görüşündə dövlətimizin başçısının Cənubi Qafqazda sülhün bərqərar olması ilə söylədiyi fikirlərə də diqqət çəkib: “…Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Əgər buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər”.

Prezident İlham Əliyevin bir çox ölkələrin Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsində iştirak etmək istədiyini, Azərbaycanın bu təşəbbüslərə müsbət yanaşdığını diqqətə çatdıran deputat bildirib ki, bununla belə, dövlətimizin başçısının Gürcüstanın bu sahədə daha səmərəli vasitəçi ola biləcəyini vurğuladığını deyib. Bildirilib ki, doğrudan da hazırda Cənubi Qafqazda sülh yaradılması proseslərində Rusiya ilə Qərb arasında və eləcə də Avropa ilə ABŞ arasında gedən rəqabət Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsindən daha çox sülh təşəbbüsünün kimin adına yazılacağı uğrunda aparılır. Məhz bu səbəbdən iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına ciddi maneələr yaratmağa cəhdlər edilir. Bölgədə sülhün bərqərar olunmasında ən çox maraqlı olan dövlətlər isə məhz Cənubi Qafqazın üç dövlətidir. Odur ki, bölgənin iki dövləti arasında münasibətlərin tənzimlənməsində aparıcı rolun bölgənin üçüncü dövlətinə, yəni Gürcüstana həvalə olunması qısa bir zamanda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edə bilər.

Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir. Ölkələrimiz arasında iqtisadi əlaqələr davamlı olaraq güclənməkdədir. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 771 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətin saldosu isə müsbət 500 milyon ABŞ dolları olub. Azərbaycanda 500-dən çox Gürcüstan investisiyalı kommersiya qurumu uğurlu fəaliyyət göstərir. Ümumilikdə Gürcüstandan Azərbaycana 279 milyon, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya qoyulub”, – deyən deputat Azərbaycan ilə Gürcüstan arasında humanitar sahədə də əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğunu bildirib və bütün bunların iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image