image-reklam-veteninfo
image-2backend

Akademik İsa Həbibbəyli Dünya Söz Akademiyasının İdarə Heyətinin sədri professor Hayrettin İvginlə görüşüb

image-reklam-veteninfo

Sentyabrın 12-də AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli Dünya Söz Akademiyasının İdarə Heyətinin sədri professor Hayrettin İvginlə görüşüb.

Ədəbiyyat İnstitutunda baş tutan görüşdə qonağı salamlayan akademik İsa Həbibbəyli Türkiyə-Azərbaycan qardaşlıq və dostluq əlaqələrindən danışıb və qeyd edib ki, hər iki ölkənin böyük mütəfəkkirləri var və cəmiyyətlərimizin bu görkəmli şəxsləri tanıması olduqca vacib məsələlərdəndir: “Azərbaycanda Dədə Qorqud və Yunus Əmrəni demək olar ki, hər kəs tanıyır. Amma XVI – XVII əsrlərdən sonra yaşayan, yaradan şair və mütəfəkkirlər barədə insaların məlumatları azdır. O cümlədən Türkiyədə də bizim klassik və müasir yazıçılar barədə məlumatlar azlıq təşkil edir. Bunu aradan qaldıran ortaq dərsliklər hazırlanmalıdır. Türkiyədə ədəbiyyatşünas alim, yazıçı, professor Yavuz Akpınar kimi Azərbaycanı tanıyan, dərindən bilən araşdırmaçıların sayının çoxalması cəmiyyətlərimizin inkişafına töhfə verər”.

Sonra çıxış edən Dünya Söz Akademiyasının İdarə Heyətinin sədri professor Hayrettin İvgin görüşdən məmnunluğunu ifadə edərək onun əhəmiyyətini və gələcəkdə də davam etdirilməsini xüsusi vurğulayaraq AMEA prezidentinə Türkiyədə çap olunan kitablar və jurnalları hədiyyə edib. Jurnallarda Azərbaycan ədəbiyyatı və alimlərinin fəaliyyəti barədə məqalələr yer alıb.

Hayrettin İvgin türkiyəli ədəbiyyatşünasların da ortaq təklifi ilə AMEA-nın Ədəbiyyat İnstitutu ilə Türkiyə və Azərbaycan poeziya dühalarının şərəfinə ortaq layihə proqramlarını həyata keçirməyi təklif edərək bunu iki qardaş dövlətin bir-birinin ədəbi məktəblərini daha dərindən tanımaları üçün vacib olduğunu qeyd edib.

Daha sonra birgə əməkdaşlıq üçün fikir mübadiləsi aparılıb, qarşılıqlı hədiyyələr təqdim olunub.

Görüşdə Türkiyənin Samsun Vəzirkörpü bələdiyyəsinin keçmiş sədri İbrahim Sadiq, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, Mehman Həsənli və şöbə müdiri professor Vüqar Əhməd də iştirak ediblər.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki