image-gurcu-ukrayna-696x392backend

Gürcüstan insanı Ukraynanı dəstəkləyir, hakimiyyətin Kiyevlə münasibəti isə getdikcə pisləşir

image-reklam_sirab_01

Ukrayna müharibəsi 2008-ci ildə Rusiyanın təcavüzünə məruz qalmış Gürcüstanda ötən illərin travma və ziddiyyətlərini yenidən qabartdı.

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri Gürcüstan hakimiyyəti qeyri-müəyyən mövqe tutub, Rusiyaya qarşı nəinki sərt hərəkətlərdən, hətta bəyanatlardan da yayınıb.

Amma müharibənin elə ilk günlərindən Gürcüstan paytaxtının küçələri Ukrayna bayraqlarıyla dolub və bu müharibədə Rusiyanın təcavüzündən təkcə Ukraynanı yox, həm də Gürcüstanın gələcəyini qoruyacaqlarına inanan yüzlərlə gürcüstanlı Rusiyaya qarşı döyüşməyə gedib.

Tbilisinin kənarındakı üçmərtəbəli binanın darvazasına Ukrayna və Gürcüstan bayraqları asılıb. Burda hərbi geyimli, orta yaşlı bir kişinin – David Ratianinin böyük bir fotoşəkli də var. O, ötən il fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra həlak olan ilk gürcü döyüşçülərdən biridir.

1990-cı illərdən etibarən bu binada Abxaziyadan olan məcburi köçkünlər yaşayır. Onlar burda dünyanın əksər ölkələrinin Gürcüstan ərazisi kimi tanıdığı bu bölgə Rusiya tərəfindən işğal olunandan sonra məskunlaşıblar.

Darvazanın yanında dayanmış yeniyetmələrdən biri – az sonra Ratianinin qızı olduğunu örənəcəyim 13 yaşlı Mariam mənə onun mənzilini göstərə biləcəyini deyir.

Mənzilin divarlarına rəsmlər, şəkillər və sertifikatlar vurulub. Küncdəki ikonanın yanına onun fotoşəkili və NATO-nun Əfqanıstandakı missiyasında xidmət zamanı aldığı medal qoyulub.

Ratianinin həyat yoldaşı İya Şaşviaşvili deyir ki, “Müharibənin hələ lap əvvəlində ürəyimin dərinliyində onun Ukraynaya gedəcəyini bilirdim və bundan çox qorxurdum”.

David qərarını ona bildirən gün İya adəti xilafına, sanki ürəyinə dammış kimi bir neçə dəfə ərinə zəng edib. Hər dəfəsində o, işdə olduğunu deyib, əslində isə artıq Ukraynaya getmək üçün sənəd hazırlayırmış.

“Axşam gəldi, məni kənara çəkib dedi ki, qəti qərar qəbul edib və mənim dəstəyimə ehtiyacı var. Sonra da Ukraynaya, müharibəyə gedəcəyini söylədi. Elə bil, məni ildırım vurdu. Dedim, axı sənin yaşın çoxdur, [Ratianin 52 yaşı vardı – BBC], qoy indi başqaları döyüşə getsin, biz üç uşaq böyütməliyik. Cavab verdi ki, bunu elə uşaqlarımız üçün edirəm. Böyüyəndə silah götürmək məcburiyyətində qalmasınlar, bütöv ölkədə yaşasınlar. Ukrayna Rusiyanı məğlub etsə, belə olacaq. İndi hamımız Ukraynaya kömək etməliyik, dünyanın hər yerindən Ukraynaya getməlidirlər, onda onlar qalib gələrlər”.

Hərbçi
David Ratianinin yaşadığı binanın girişinə onun böyük fotoşəkili vurulub

Ratiani ancaq ikinci cəhddə Ukraynaya gedə bilib. Gürcüstanlı könüllüləri Ukraynaya aparacaq təyyarə fevralın 28-də Tbilisi hava limanına enməyib. Hakimiyyət bildirib ki, könüllülərin çarter reysləriylə göndərilməsi Gürcüstanın münaqişəyə birbaşa qoşulması deməkdir.

O vaxta qədər Baş nazir İrakli Qaribaşvili artıq bəyan etmişdi ki, Gürcüstan Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil. Onda bir çox gürcüstanlı hakimiyyətin mövqeyinə görə sosial şəbəkələrdə ukraynalılardan üzr istəyir, Tbilisinin mərkəzində Ukraynaya dəstək aksiyaları keçirilirdi.

Kiyev buna Ukrayna səfirini məsləhətləşmələr üçün geri çağırmaqla cavab verdi, amma bu, Kiyev və Tbilisi arasındakı qarşılıqlı qınama prosesinin hələ lap başlanğıcıydı; elə Gürcüstandakı mübahisələrin də.

Gürcüstan tarixinin təkrarlanması

Mariam
David Ratianinin qızı Mariam

Ukraynaya yollanmış bir çox könüllülər kimi, Ratiani də keçmiş hərbçiydi – Gürcüstan silahlı qüvvələrində 25 ildən artıq xidmət etmiş, 1990-cı illərin əvvəllərində öz doğma yurdu Abxaziyada, 2008-ci ildə isə Rusiyanın başlatdığı qısa, amma qanlı müharibədə döyüşmüşdü.

David Ukraynaya “Güc birlikdədir” antiişğal hərəkatının fəallarıyla birlikdə gedib. İya deyir ki, əri Gürcüstandan ayrılmış Cənubi Osetiya sərhədinə də onlarla gedirmiş və həmişə də ordan dilxor qayıdırmış. Media bu tanınmamış sərhəddəki “sərhədləşdirmə” prosesi barədə məhz hərəkatın mülki patrul xidmətindən məlumat alır.

Tsxinvalinin rəsmi, Tbilisininsə qeyri-qanuni hesab etdiyi sərhəddəki tikanlı məftillərin və sərhəd nişanlarının o biri tərəfində otlaqlar, torpaq sahələri, hətta yerli sakinlərin evləri də var.

Qadın və kişi
İya Şaşviaşvili: “O deyirdi ki, hər şey yaxşı olacaq və buna mən də inanırdım, onun necə bir cəhənnəmin içində olduğunu düşünmək belə istəmirdim”.

İya deyir ki, Ukraynada baş verənlər ərinə Gürcüstanın və ailəsinin başına gələnləri xatırladırmış.

“Görüntülü zənglərin birində mənə müvəqqəti dayandıqları yeri göstərdi; deyəsən, tələbə yataqxanasıydı. Dedi, bax, insanlar bütün əşyalarını – paltarlarını, ərzaqlarını, ailə fotoalbomlarını qoyub getməyə məcbur olublar; necə ki, biz Abxaziyadakı evimizdən heç nə götürə bilməmişdik. Sonra da əlavə etdi ki, bu insanlara kömək etməmək olarmı? Gürcüstanın başına gələnlər indi Ukraynada təkrarlanır”.

Onlar son dəfə martın 16-da danışıblar və bu videozəng əvvəlkilərdən fərqli olaraq xeyli uzun çəkib. Ratiani hər şey haqqında ətraflı soruşub. Oğulları Rati və Luka pəncərədən ona Tbilisiyə yağmış qarı göstəriblər, rəqs dərnəyinə gedən qızı Məryəmsə atasına səhnədə geyəcəyi yeni qırmızı donunu da nümayiş etdirməyə də fürsət tapıb.

“Qızım donunu geyinib gələndə David belə dedi: “Gəl etiraf edək ki, qırmızı sənə çox yaraşır” – İya bunları gülümsəyərək xatırlayır.

Ertəsi gün o, mesajlara cavab verməyib və martın 18-də xəbərlərdə Ukraynada iki gürcüstanlı döyüşçünün həlak olduğu deyilib.

“Bir hərbçi televiziya verilişində ölənlərin kim olduğunu bildiyini, amma adlarını çəkməyəcəyini deyib yaxınlarına başsağlığı verdi. Mən ağladım. Amma David üçün yox, həlak olanlar üçün ağladım”.

İya əriylə Ukraynaya gedənlərə yazmağa başlayıb və cavab gözləyən arada təsadüfən sosial şəbəkənin xəbər lentinə keçib. Orda gördüyü ilk paylaşımda ərinin şəkli yazılmışdı, altına “Ah, Dato!”, “Çox heyf!” yazılmışdı.

“Həmin an mənim üçün hər şey bitdi, hər şey… Mən onun qayıtmayacağı fikrini qətiyyən özümə yaxın buraxmamışdım. Axı demişdi, ona heç nə olmayacaq. Mən inanırdım ki, elə belə də olacaq. Onun necə bir cəhənnəmin içində olduğunu düşünmək belə istəmirdim”.

Ratiani İrpində həlak olub. Onun dörd uşağı var, üçü azyaşlıdır. Həmi vaxt digər gürcüstanlı könüllü – Gia Beriaşvili də həlak olub.

Gürcüstanlı könüllülər

Könüllülər
Gürcüstanlı könüllülərin Ukraynaya uçmaq üçün gözlədikləri təyyarə Tbilisi hava limanına enməyib

Gürcüstanlı könüllülər hələ 2014-cü ildə Ukraynaya köməyə getmişdilər. Onda “Gürcüstan milli legionu” yaradılmışdı.

Onun yaradıcısı və komandiri Mamuka Mamulaşvilinin sözlərinə görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin komandanlığı altında olan legionda artıq 1800-ə qədər döyüşçü var.

“Onların çoxu – təxminən 70 faizi Gürcüstandandır. Gürcülərdən başqa, daha 33 millətin nümayəndəsi var”.

Onun üçün də müharibə Abxaziyada başlayıb, cəmi 14 yaşı olan Mamuka orda general atasıyla birlikdə döyüşüb.

“Əvvəla, Abxaziya müharibəsində şəxsən iştirak etmiş biri olaraq bilirəm ki, onda ukraynalılar bizə kömək ediblər. İkincisi, Ukrayna Gürcüstanın strateji tərəfdaşıdır və dostlarımızın belə bir problemi olanda kənarda qalmamalıyıq. Burda hər gün qadınlar və uşaqlar ölür. Ona görə də düşünürəm ki, burada olmaq və bizim gördüyümüz işi görmək təkcə mənim yox, özünü gürcü hesab edən hər bir gürcünün borcudur”.

Ötən ilin aprel ayında Rusiya İstintaq Komitəsi muzdluların cəlb edilməsi və onların silahlı münaqişədə iştirakı maddələriylə Mamulaşviliyə qarşı cinayət işi açıb.

Bundan başqa, qurum bəyan edib ki, onun hərəkətlərində Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsi – hərbçilərin sosial qrupuna qarşı nifrətin qızışdırılmasıyla bağlı cinayət əlamətləri var.

Mamulaşvilinin sözlərinə görə, Rusiyada ona qarşı ümumilikdə 8 cinayət işi açılıb və legionla bağlı çoxlu dezinformasiyalar yayılır.

“Bu, Gürcüstan legionunun hərbi əməliyyatlarının keyfiyyətiylə bağlıdır. Bundan əlavə, burdakı bütün gürcülərin cəmi 80 nəfər olduğu bildirilir. Təbii ki, onlar lap əvvəldən bizə fokuslanıblar, çünki bu, sırf ideoloji birləşmədir. Onlar bizimlə mübarizə aparmağa çalışdılar, amma bacarmadılar, çünki bu gün Ukrayna ordusundakı ən böyük əcnəbi birləşmə bizim legionumuzdur”.

Mamuka Mamulaşvili
Mamuka Mamulaşvili ilk dəfə 14 yaşında müharibəyə yollanıb

Ukrayna qanunvericiliyi əcnəbiləri hərbi xidmətə qəbul etməyə icazə verir. Fevralın 24-də Rusiyanın hücumundan sonra Ukrayna prezidenti Vladimir Zelenski silahlı qüvvələrin nəzdində Beynəlxalq legion yaradılması haqqında fərman imzalayıb. Onda rəsmilər bildirmişdilər ki, əllidən çox ölkədən 20 min əcnəbi könüllü Ukrayna tərəfində döyüşmək istəyir. Həmin günlərdə Tbilisidə Ukrayna səfirliyinin binası qarşısında bu ölkəyə getmək istəyənlərdən ibarət uzun növbələr yaranıb.

Gürcüstanlı könüllülər Ukraynaya özləri gedirlər. Bu ölkənin

səfirliyi onlara əsasən məsləhət verməklə və Ukraynayla əlaqələrini koordinasiya etməklə yardım edir.

Müharibəyə getmək istəyənlər arasında döyüş təcrübəsi olmayanlar da az deyil. Ukraynanın Gürcüstandakı səfirliyinin müdafiə məsələləri üzrə attaşesi general-mayor Sergey Kravçuk BBC-yə bildirib ki, səfirlik belələrini fikrilərindən daşındırmağa çalışır:

“Gürcüstanda döyüş təcrübəsi olan mütəxəssis çox deyil, çünki burda müharibə çoxdan olub. Kimin ki təcrübəli olduğunu görürük, Ukraynayla əlaqə saxlayıb onu hara, hansı bölməyə gəndərə biləcəyimizi soruşuruq. Həmin şəxs gedib orda müqavilə imzalayır və Ukrayna Müdafiə Qüvvələrinin üzvü olur”.

Kravçuk deyir ki, müqavilə bağlamış əcnəbi döyüşçülərin yaralanması, əlil olması və ya həyatını itirməsi halları üçün Ukrayna vətəndaşları və onların qohumlarıyla eyni məbləğdə ödənişlər nəzərdə tutulub.

Ukrayna qanunvericiliyinə bu ilin fevral ayında əlavə edilmiş dəyişiklik əcnəbilərə icazə verir ki, təkcə Ukrayna Silahlı Qüvvələrinin bölmələrində yox, həmçinin digər hüquqi hərbi birləşmələrdə, məsələn, Milli Qvardiyada müqaviləli hərbi xidmət keçsinlər.

Başqasının olmayan müharibə

Hərbçilər
Ukraynadakı müharibə 2008-ci ildə Rusiyanın işğalından sağ çıxmış Gürcüstanın travma və ziddiyyətləri daha da artırdı

Səfirlik hazırda Ukraynada neçə gürcüstanlının döyüşdüyünə dair məlumatları açıqlamır. Bəzi analitiklər orda təxminən min nəfərin olduğunu deyirlər. Amma bu say dəyişir – kimlərsə Gürcüstana qayıdır, kimlərsə indi gedib Ukrayna ordusuna qoşulur.

“Onların əsas motivasiyası Ukraynadakı müharibəni Gürcüstanın müharibəsi hesab etmələridir. Onlar bu müharibədə Abxaziya və Cənubi Osetiyanın işğalının, Rusiyanın Gürcüstana qarşı apardığı hərbi əməliyyatların davamını görürlər. Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun elmi işçisi, Birmingem Universitetinin doktorantı Aleksandr Kvaxadze deyir ki, UNA-UNSO-dan olan ukraynalı könüllülər Abxaziya müharibəsində Gürcüstanın tərəfində iştirak etdikləri üçün Ukraynayla həm də emosional əlaqə var.

Ekspert hesab edir ki, Ukraynaya gedən gürcüstanlı döyüşçülərinin motivasiyasında qətiyyən maliyyə komponenti yoxdur (Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçularına döyüş əməliyyatlarında birbaşa iştiraka görə ayda 100 000 qriven, yəni 2700 dollar əlavə ödəniş edilir; məsələn, atıcı əsas maaşıyla birlikdə ayda 3300 dollar alır).

Tbilisinin nəzarətindəki ərazilərdən olan könüllülər Ukrayna tərəfdə döyüşürlərsə, Gürcüstandan ayrıldıqlarını elan etmiş Abxaziya və Cənubi Osetiya sakinləri cəbhə xəttinin o biri tərəfində döyüşür. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, keçən ilin mart ayında bu bölgələrdəki Rusiya hərbi bazalarından Ukraynaya 2000-ə yaxın hərbçi göndərilib.

Bir müddət sonra məlumat yayılıb ki, komandir minaya düşən əsgərin cəsədini vətəninə göndərməkdən imtina etdiyi üçün 300-ə yaxın Cənubi Osetiya hərbçisi geri qayıdıb.

Hər iki bölgənin sakinlərinin əksəriyyətində Rusiya pasportu var, amma faktiki hakimiyyət Rusiyada elan olunmuş səfərbərliyin onlara təsir etməyəcəyini vəd edib. Eyni zamanda, onlar Rusiyanın “xüsusi əməliyyatında” iştirak edən könüllülərin artdığını bildirirlər.

“Exo Kavkaza” layihəsi açıq mənbələrə istinadən xəbər verir ki, artıq Ukraynada Cənubi Osetiyanın 20-dən çox, Abxaziyanınsa azı 6 hərbçi və könüllüsü həlak olub.

Hərb və sülh

Küçə
Ötən ilin mart ayında Ukraynada həlak olanlarla bağlı xatirə guşəsi yaranıb. Vaxt keçdikcə şəkillər çoxalırdı – Ukraynada ölənlərin sayı artırdı

Ratiani və Beriaşvilini Gürcüstanda fəxri hərbi törənlə dəfn ediblər. Onda Tbilisidə parlament binasının önündə həlak olanların xatirəsinə mitinq keçirilib. Aksiya iştirakçılar gətirdikləri şəkilləri 1989-cu il aprelin 9-da sovet qoşunları tərəfindən qətlə yetirilən dinc nümayişçilərin xatirəsinə həsr edilmiş abidənin önünə qoyublar.

Vaxt keçdikcə şəkillərin sayı artıb – genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna uğrunda döyüşlərdə ən azı 36 gürcüstanlı döyüşçüsü həlak olub.

Ancaq Yeni il bayramı ərəfəsində şəhər rəhbərliyinin qərarıyla xatirə guşəsi başqa yerə – Gürcüstanın birliyi uğrunda həlak olan qəhrəmanlara həsr olunmuş memorialın yanına köçürülüb. Meriya bunu Yeni il şənliyinə hazırlıqla izah edib.

Həmin günlərdə “Tbilisi – sülh şəhəri” paytaxtın yeni şüarı elan edilib – bu, sülhün qorunub saxlanmasını özünün əsas xidməti hesab edən hakimiyyətin ritorikasıyla tam üst-üstə düşən şüar idi. Gürcüstan hökuməti Ukraynaya humanitar yardım göndərdiyini və beynəlxalq platformalarda diplomatik dəstək verdiyini, amma hərbi dəstək verməyəcəyini bildirir.

“Biz həm ikinci cəbhədən, həm də təxribatlardan yayınan hökumətik. Əgər dağıdıcı müxalifət hakimiyyətdə olsaydı, bu gün Ukrayna kimi Gürcüstanın da böyük ərazisi təlim poliqonuna çevrilərdi. Ona görə də gəlin hamımız sakit və dinc yaşayaq, öz işlərimizlə məşğul olaq və ölkəmizin qayğısına qalaq” – Gürcüstanın baş naziri Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun ildönümündə belə deyib.

Həmin gün Tbilisinin mərkəzində növbəti “Ukraynayla həmrəylik” mitinqi keçirilib. “Bura Gürcüstandır – Qəhrəmanlara eşq olsun!” şüarlı aksiyada Ukraynaya dəstəklə yanaşı, Gürcüstan hakimiyyətinin bu müharibəyə münasibətindən narazılıq da ifadə olunub. Orada quraşdırılmış monitorda Ukraynada həlak olmuş gürcüstanlı döyüşçülərin fotoşəkillər nümayiş etdirilib, adları oxunub.

Gənclər
Ukraynadakı genişmiqyaslı müharibənin ildönümündə Tbilisidə “Bura Gürcüstandır – Qəhrəmanlara eşq olsun!” şüarlı daha bir çoxminlik Ukraynaya həmrəylik aksiyası keçirilib

Ölkədə əksəriyyət, o cümlədən, müxalifət də Abxaziya və Cənubi Osetiya münaqişənin sülh yoluyla həllinin tərəfdarıdır. Qafqaz Araşdırmaları Resurs Mərkəzinin (QTRM) gənclər arasında keçirdiyi sorğuda 18-29 yaşlı respondentlərin 95 faizi-i münaqişələrin danışıqlar yoluyla, cəmi 2 faizi isə zorakı yolla həllini dəstəklədiyini bildirib.

Amma hökumətin Moskvadan çox Kiyevə ünvanlanan tənqidləri Gürcüstanda bir çoxlarının narazılığına səbəb olur və hakimiyyətin Rusiyaya loyallığı barədə şübhələri artırır. Gürcüstan hökuməti vaxtaşırı Kiyevi “ikinci cəbhə” açmaqda və münaqişəni Gürcüstana ötürmək cəhdində ittiham edir (Fevralın 11-də Qaribaşvili jurnalistlərə bildirib ki, konflikti Gürcüstana ötürmək cəhdləri davam edir. Onun sözlərinə görə, Ukrayna hakimiyyətinin nümayəndələri bu barədə bəyanatlar veriblər və eks-prezident Mixail Saakaşvilini buna görə Gürcüstana göndəriblər).

Ukraynada öldürülən döyüşçülər mövzusu müxalifətlə mübahisələrində hakimiyyətin keçmədiyi xətt kimi görünürdü. Amma keçən ilin dekabr ayında, eyni vaxtda altı gürcüstanlı döyüşçü həlak olandan sonra baş nazir başsağlığı verməklə yanaşı, “müharibə partiyasını” (Hökumət VHM-i – Vahid Milli Hərəkatı belə adlandırır) Gürcüstan vətəndaşlarını Ukraynaya göndərməkdə ittiham etdi.

Hərbçilər
“Gürcüstan legionu” 2014-cü ildə yaradılıb. Mamulaşvilinin sözlərinə görə, hazırda bu qurumda 30-dan çox millətin nümayəndəsi var, əksəriyyəti gürcülərdir.

Ukraynada döyüşənlər də daxil olmaqla, bir çoxları bu sözləri qəzəblə qarşıladığı üçün o, Ukraynadakı bütün gürcüstanlı döyüşçüləri deyil, yalnız VHM-ə bağlı bəzi qüvvələri nəzərdə tutduğunu deyib və Mamulaşvilini misal göstərib. “Gürcüstan legionu” hər hansı partiyayla əlaqəli olduğunu inkar edir, Mamulaşvili özü isə heç vaxt heç bir partiyanın üzvü olmadığını deyib.

Hakimiyyətə loyal münasibətiylə tanınan POSTV kanalı “eksperimentin” yazışmalarını dərc edib, guya “Gürcüstan legionu”na qoşulmaq arzusunda olanlara ödəniş və şərtlər barədə bu üsulla məlumat verilir.

Hakim partiyanın nümayəndələri Ukraynaya döyüşçülərin şəxsi maraqlara görə göndərildiyini, xarici dövlətdə hərbi xidmətə gedənlərin Gürcüstan vətəndaşlığını itirə biləcəklərini deməyə başlayıblar.

“Ən ağır və qəbuledilməz olan budur ki, birincisi, bizim gənclərimizə Ukraynadakı döyüş əməliyyatlarında pul müqabilində iştirak etməyi təklif edirlər. İkincisi, silahlı qüvvələrin əməkdaşları olacaqlarını deyib onları aldadırlar və xəbərdarlıq etmirlər ki, başqa ölkədə hərbi xidmət keçmək Gürcüstan vətəndaşlığını avtomatik olaraq itirməyə gətirib çıxarır”, – hakim partiyanın deputatı Rati İonatamişvili jurnalistlərə belə deyib.

Daha sonra hakim partiyanın deputatları növbəti dəfə jurnalistləri “kirli yalan” uydurmaqda ittiham edərək ritorikalarını dəyişiblər; bildiriblər ki, başqa ölkənin silahlı qüvvələrində xidmət etdiyi rəsmi şəkildə təsdiq edilən şəxslər vətəndaşlıqdan məhrum edilir lazımdır.

“Siz döyüşçüləri aldatmağa cəhd etmisiz, demisiz ki, guya kimsə onlara qarşı düşmənçilik edir və onları vətəndaşlıqdan məhrum etmək istəyir. Hüquqi baxımdan izahı verilmiş həmin məqalədə çox sayda qeyri-dəqiqlik var və bu, sadəcə sizin çirkin yalanınız idi” – hakim partiyanın icraçı katibi Mamuka Mdinaradzenin bu sözlərini “Azadlıq” radiosunun Gürcüstan xidməti sitat gətirib.

Gürcüstan vətəndaşlığı haqqında qanuna görə, ölkənin səlahiyyətli orqanların icazəsi olmadan xarici dövlətdə hərbi xidmət keçən, onların polis və ya təhlükəsizlik orqanlarında işləyən şəxslər vətəndaşlıqdan xaric edilirlər.

Bu qayda bir sıra hallarda, o cümlədən, Gürcüstan vətəndaşlığını müstəsna əsaslarla almış və ya xarici ölkənin vətəndaşlığını qəbul ediləndə Gürcüstan vətəndaşlığını saxlamış şəxslərə şamil edilmir. Bundan başqa, əsaslar aşkar edilməzdən əvvəl aradan qaldırılarsa, vətəndaşlığın itirilməsi təhlükəsi aradan qalxır.

Bəzi hüquqşünaslar qeyd edirlər ki, Gürcüstan BMT-nin Vətəndaşsızlığın Azaldılması Konvensiyasına qoşulub və həmin sənəddə aydın şəkildə bildirilir ki, vətəndaşlıqdan məhrum etmə qərarı hər hansı insanı vətəndaşlığı olmayan şəxs vəziyyətinə salarsa, konvensiyanı imzalamış dövlətlərdən heç biri bunu etməməlidir.

Hökumət nümayəndələrinin izahatına baxmayaraq “Demokratiya müdafiəçiləri” vətəndaş hərəkatının fəalları artıq qanunvericilik təklifiylə parlamentə müraciət ediblər. Onlar ehtiyat edirlər ki, hakimiyyət qanunvericilikdəki normaya istinadən 2014-cü ildən bəri Ukraynada döyüşən Gürcüstan vətəndaşlarını vətəndaşlıqdan məhrum etmək üçün düzəlişlər tələb edə bilər.

Qaribaşvili
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hər kəsi öz işiylə məşğul olmağa və öz ölkəsinin qayğısına qalmağa çağırır

Sevməmək

Analitiklərin fikrincə, Gürcüstan hakimiyyəti həm Moskvanın reaksiyasından, həm də müxalifət düşərgəsinin güclənməsindən çəkinərək Ukraynada döyüşənlərə ehtiyatla yanaşır.

“Gürcüstan hakimiyyəti Rusiyanı qıcıqlandırmamaq siyasətinə sadiqdir, Gürcüstandan min nəfərin Ukrayna tərəfdə döyüşməsi isə Rusiya hakimiyyəti üçün böyük qıcıq faktorudur. Kiçik maneələr olsa da, könüllülər getməyə davam edirlər və aydındır ki, bu, Gürcüstan hökumətinin xoşuna gəlmir onlar Putini qəzəbləndirmək istəmirlər” – Aleksandr Kvaxadze belə deyir.

Kvaxadze bu məsələdə daxili siyasi faktorun da olduğunu bildirir. Hazırda Ukraynada döyüşənlərin əksəriyyəti (Onların arasında keçmiş hərbçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları da var) ya VHM-in açıq tərəfdarları, ya da siyasi baxımdan neytral olub hakimiyyəti tənqid edənlərdir.

“Nümunələrdən göründüyü kimi, müharibə zonasından qayıdan bir çox münaqişə veteranı həm gənclər, həm də həmyaşıdları arasında nüfuza malik olurlar. Hakimiyyət qorxur ki, Ukraynada hərbi təcrübə qazanan və orda ciddi əlaqələri olan 1000 tənqidi mövqeli adam Gürcüstana qayıtsa, bu, müxalifət düşərgəsi üçün ciddi artım ola bilər”.

Hakim partiyanın sədri İrakli Kobaxidze fevralın 9-da Rusiyanın Ukrayna müharibəsindəki üstünlüklərindən danışıb və bu, Ukraynayla Gürcüstan arasında növbəti dəfə qarşılıqlı ittihamlar səslənməsinə səbəb olub.

“Novosti-Georgia”-nın xəbərinə görə, Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov Kobaxidzenin açıqlamalarının açıq şəkildə rusiyayönlü olduğunu deyib və tövsiyə edib ki, cəbhədəki hadisələr haqqında “Rusiya təbliğatının yalanlarından yox, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəsmi məlumatlarından istifadə etsin”.

Gürcüstan prezidenti Salome Zurabişvili də hökumətin mövqeyini getdikcə daha çox tənqid edir.

“Gürcüstan hökumətinin özünü təcrid etməsinə, demokratik cəmiyyətdən ayrılmasına və heç kəsə aydın olmayan guya neytral və ya balanslaşdırılmış mövqeyinə haqq qazandırmasına təəssüfləndiyimi deməyə bilmirəm. Xoşbəxtlikdən, Gürcüstan cəmiyyəti öz mövqeyini çox aydın ifadə edib: bütün forma və vasitələrdən istifadə edib ki, həmişə dostumuz olmuş ölkəylə tam həmrəy olduğunu sübut etsin” – Zurabişvili prezident sarayında, Ukraynadakı müharibənin ildönümüylə bağlı çıxışı zamanı belə deyib.

Milli Demokratiya İnstitutunun keçən ilin dekabr ayında keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 54 faizi Rusiya-Ukrayna müharibəsində Rusiyanı, 25 faizi isə Rusiya prezidenti Vladimir Putini günahlandırıb. Ukraynanı rəyi soruşulanların yalnız 8 faizi günahkar hesab edib.

Azadlıq naminə

qadın və polis
Cənubi Osetiyanın faktiki hakimiyyətinin və Rusiya sərhədçilərinin sərhəd kimi istifadə etdikləri hasarların və tikanlı məftillərin o biri tərəfində otlaqlar, şəxsi torpaq sahələri, hətta yerli sakinlərin evləri də var

Hökumət Kiyevin münaqişəni Gürcüstana transfer etmək istədiyini desə də, gürcüstanlı döyüşçülər Ukraynada təhlükəsizlik uğrunda döyüşdüklərinə və təkcə bu ölkənin yox, həm də Gürcüstanın maraqlarını müdafiə etdiklərinə inanırlar.

Mamulaşvili deyir ki, “Bu müharibəni başlamaq istəyən, Gürcüstanın fiziki işğala məruz qalmasını istəyən Gürcüstan hakimiyyətidir və onlar Gürcüstanın fiziki olaraq işğal edilməsi üçün hər şeyi edirlər. Biz isə bunun əksini edirik ki, münaqişə Gürcüstana gəlib çıxmasın. Bundan əlavə, biz Gürcüstanın reputasiyasını müdafiə edirik, göstəririk ki, gürcülər özlərini münaqişədən təcrid etməyiblər; əksinə, gürcüstanlıların bölməsi Ukraynada ən böyük xarici birlikdir. Ukraynalılardan sonra Rusiyayla gürcülər döyüşürlər”.

Mamulaşvilinin sözlərinə görə, hakimiyyətin bəyanatları və mövqeyi “Gürcüstan legionu”na qoşulmaq istəyənlərin sayını azaltmır. Əksinə, döyüşçülərin sayı getdikcə artır, adi vətəndaşların dəstəyi də həmişəki kimi güclüdür.

“Əgər adamın az da düşünmək qabiliyyəti varsa, nə vaxtsa Gürcüstanı dəstəkləyibsə, – döyüşməyi demirəm, Gürcüstanı və Gürcüstan dövlətçiliyini sadəcə dəstəkləyibsə, – bizim nə üçün mübarizə apardığımızı yaxşı başa düşür. Başqa-başqa adamlar, gürcüstanlı mühacirlər bizimlə əlaqə saxlayıb kömək etməyə çalışırlar. Ona görə də biz həmişə özümüzə dəstək hiss edirik, Gürcüstanın bizimlə olduğunu hiss edirik”.

İya deyir ki, o, əksər hallarda həmvətənlərinin Ukraynayla həmrəy olduğunu hiss edir, amma ərinin niyə oraya getdiyini və nəyin xətrinə həlak olduğunu çaşqınlıqla qarşılayanlar da var.

“Məni ən çox ağrıdan budur. Bəziləri elə birbaşa soruş ki, axı niyə getdi ora, ondansa, evində oturaydı. Axı biz hamımız – belə cəsarətli addım ata bilələr də bunu bacarmayanlar da azadlığın dəyərli olduğunu qəbul edirik. Bəs bizim milli qəhrəmanlarımız nəyə görə özlərini qurban verdilər? Onlar da öz evlərində oturardılar, hamımız rusca danışıb Tbilisi quberniyasında yaşayardıq. Onda vətən bizim nəyimizə lazımdır, bütün bunlar nəyə lazımdır?”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki