Vətəninfo.az xəbər verir ki, Gürcüstanda siyasi vəziyyət yenidən gərginləşib. Yerli KİV-in verdiyi məlumata görə, müxalifət tərəfdarları oktyabrın 6-da axşam saatlarında Tbilisidə, Gürcüstan parlamentinin qarşısındakı Rustaveli prospektini bağlayıblar. Ərazidə xüsusi təyinatlı polis qüvvələri növbə çəkir.
Gürcüstan Daxili İşlər Nazirliyi bəyan edib ki, bundan sonra keçiriləcək hər hansı etiraz aksiyası oktyabrın 6-da baş verən hadisələrin birbaşa davamı kimi qiymətləndiriləcək və müvafiq hüquqi tədbirlər görüləcək.
Hadisələr fonunda Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili də ictimaiyyətə müraciət edib. O, bu gün Rustaveli meydanına toplaşmaq çağırışı edərək, tərəfdarlarını Avropayönlü mövqelərini sivil və konstitusiyaya uyğun yollarla ifadə etməyə səsləyib.
“Bu gün Müdafiə Günüdür. Biz insanları birliyə və bu dinc etirazı lazım olanadək davam etdirməyə çağırırıq”, – deyə Zurabişvili vurğulayıb.
Beynəlxalq reaksiyalar da gecikməyib. Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) oktyabrın 4-də Gürcüstanda keçirilən parlament seçkiləri və ondan sonra baş verən hadisələrlə bağlı rəsmi bəyanat yayıb. Bəyanatı Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaia Kallas və Aİ-nin genişlənmə üzrə komissarı Martha Kos imzalayıb.
Bəyanatda seçkilərin ifadə azadlığı sahəsində geniş repressiya fonunda keçirildiyi, müxalifətin əksəriyyətinin seçkiləri boykot etdiyi, fəallığın isə aşağı səviyyədə olduğu qeyd olunur.
“Biz seçkidən sonrakı dövrdə sakitlik və təmkin nümayiş etdirməyə çağırırıq. Hakimiyyət vətəndaşların sərbəst toplaşmaq və ifadə azadlığı hüququna hörmət etməlidir”, – deyə bəyanatda bildirilir.
Aİ rəsmiləri həmçinin Avropa İttifaqının Gürcüstandakı rolu ilə bağlı yayılan dezinformasiyanı qətiyyətlə rədd etdiklərini bildiriblər və Aİ səfirinə qarşı şəxsi hücumları pisləyiblər.
Hazırda Gürcüstanda vəziyyətin necə inkişaf edəcəyi, növbəti etirazların miqyası və hakimiyyətin atacağı addımlar beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənilir.