image-reklam-veteninfo
image-1backend

Gürcüstanın keçmiş müdafiə naziri dövlətə xəyanət ittihamı ilə həbs edilib

image-reklam-veteninfo

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri, müxalif Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri Giorgi Baramidze barəsində həbs qətimkan tədbiri seçib.

“Novosti-Qruziya”nın məlumatına görə, Baramidze sentyabrın 11-də axşam saatlarında evində saxlanılıb. Ona Gürcüstan Cinayət Məcəlləsinin dövlətə xəyanət və təxribatla bağlı maddələri üzrə ittiham irəli sürülüb.

İttihamların siyasətçinin iyulun 18-də Yaqo Xviçianın müəllifi olduğu “Gürcüstanın doğuşu” proqramında səsləndirdiyi fikirlərlə əlaqəli olduğu bildirilir.

Veriliş zamanı Baramidze 1992–1993-cü illərdə Abxaziyada gedən müharibə dövründə əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqlarda iştirakından danışıb.

Aparıcının Gürcüstan tərəfinin əsir mübadiləsi üçün kifayət qədər saxlanılan şəxslərinin niyə olmadığı barədə sualını cavablandıran Baramidze bəzi şəxslərin güllələndiyini bildirib. O, həmin dövrdə bu cür halların yaxınlarını itirmiş insanların emosional vəziyyəti ilə əlaqəli olduğunu qeyd edib.

Baramidze daha sonra açıqlamalarının kontekstdən çıxarıldığını bildirib. Siyasətçi sözlərinin müharibənin ilk həftələrində dövlət strukturlarının hələ tam formalaşmadığı dövrdə ayrı-ayrı döyüşçülərin hərəkətlərinə aid olduğunu vurğulayıb. O, Gürcüstan dövlətini və ya ordusunu hərbi cinayətlər törətməkdə ittiham etmədiyini bildirib.

Prokurorluq isə Baramidzenin açıqlamalarının qəsdən ideoloji və informasiya xarakteri daşıdığını, Gürcüstanın müdafiə qabiliyyətinə, beynəlxalq nüfuzuna və müharibə veteranlarının reputasiyasına zərər vurmağa yönəldiyini iddia edir.

Giorgi Baramidze Gürcüstan siyasətinin tanınmış simalarından biridir. Mixail Saakaşvilinin prezidentliyi dövründə o, daxili işlər naziri və müdafiə naziri vəzifələrində çalışıb, 2006–2012-ci illərdə isə baş nazirin müavini olub. Baramidze beş dəfə Gürcüstan parlamentinin deputatı seçilib.

2026-cı ilin fevralında Rusiya məhkəməsi Baramidzeni Ukrayna tərəfində hərbi əməliyyatlarda iştirak etmək ittihamı ilə qiyabi olaraq 6 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Vahid Milli Hərəkat Partiyası Baramidzenin cinayət məsuliyyətinə cəlb edilməsini siyasi motivli hesab edir.

Qeyd edək ki, dövlətə xəyanətlə bağlı müddəa 2025-ci ilin yazında hakim “Gürcü Arzusu” Partiyasının təşəbbüsü ilə Gürcüstan Cinayət Məcəlləsinə yenidən daxil edilib. Həmin müddəa casusluq, sabotaj, dövlət sirrinin ötürülməsi və xarici dövlətin düşmənçilik fəaliyyətinə dəstək kimi hallarda tətbiq oluna bilər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki